1Davudun məzmuru. Məhəbbətini, həqiqətini tərənnüm edəcəyəm, Ya Rəbb, Sənə ilahi söyləyəcəyəm!
2Kamillik yolunda müdrik olacağam. Sən yanıma nə zaman gələcəksən? Təmiz ürəklə evimdə yaşayacağam,
3İyrənc şeylərdən gözümü çəkəcəyəm. Azğınların işlərinə nifrət edirəm, Qoymaram məndən yapışsın.
4Əyri ürəkdən dönəcəyəm, Şəri tapdalayacağam.
5Qonşusuna gizlincə böhtan atanı susduracağam, Yuxarıdan baxan lovğa insana dözə bilmərəm.
6Gözüm ölkənin sadiq insanlarına baxar, Qoy onlar yanımda yaşasın. Kamillik yolu ilə gedənlər qulluğumda dayanar.
7Fırıldaqçıları sarayımda yaşamağa qoymaram, Yalançını hüzurumda dayanmağa qoymaram.
8Hər səhər ölkədəki pisləri yox edəcəyəm, Bütün şər iş görənləri Rəbbin şəhərindən kəsib atacağam.