Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 18

Zəbur 18:1-39

Help us?
Click on verse(s) to share them!
1Musiqi rəhbəri üçün. Rəbb Öz qulu Davudu bütün düşmənlərin və Şaulun əlindən qurtaranda Davudun Ona söylədiyi ilahi. O belə oxudu: Ey mənə qüvvət verən Rəbb, Səni sevirəm.
2Rəbb qayam, qalam, xilaskarımdır, Allahım qayamdır, Ona pənah gətirəcəyəm, Odur qalxanım, qüdrətli qurtarıcım, qülləm.
3Həmdə layiq Rəbbi çağıracağam, Düşmənlərimin əlindən qurtulacağam.
4Ətrafımı ölüm ipləri bürümüşdü, Məni əcəl selləri ürkütmüşdü.
5Ölülər diyarının ipləri mənə sarılmışdı, Ölüm kəməndləri məni qarşılamışdı.
6Əzab içində Rəbbə yalvardım, Allahıma fəryad qopardım. O, məbədindən səsimi eşitdi, Fəryadımsa hüzuruna, Onun qulağına yetdi.
7O zaman yer üzü sarsılıb titrədi, Dağların təməlləri lərzəyə gəldi, Onlar sarsıldı, Çünki O qəzəbləndi.
8Burnundan tüstü çıxıb yüksəldi, Ağzından yandırıb-yaxan alov püskürdü, Bundan közlər tutuşdu.
9O, göyləri yarıb yerədək endi, Qatı zülmət ayaqları altında idi.
10Bir keruva minib uçdu, Yel qanadları üstə şığıdı.
11Gizlənmək üçün ətrafını zülmətə bürüdü, Tufan qoparan qara buludlardan Özünə çardaq qurdu.
12Hüzurundan şəfəq saçdı, Odlu közlər və dolu buludları yardı.
13Rəbb göylərdə gurladı, Haqq-Taala səs saldı, Odlu közlər və dolu yağdı.
14Oxlarını atıb düşmənləri darmadağın etdi, Şimşəyini çaxdırıb onları dağıtdı.
15Ya Rəbb, Sənin məzəmmətindən, Burnundakı nəfəsinin şiddətindən Suların dərinlikləri göründü, Dünyanın bünövrələri açıq qaldı.
16O, ucalardan əl uzadıb məni tutdu, Məni dərin suların içindən çıxartdı.
17Məni qüvvətli düşmənimdən azad etdi, Çünki yağılarım məndən güclü idi.
18Fəlakətli günümdə qarşıma çıxdılar, Lakin Rəbb mənə dayaq oldu.
19O məni genişliyə çıxardı, Məndən razı qalıb məni qurtardı.
20Rəbb mənə salehliyim naminə ənam verdi, Mənə əlitəmizliyimin əvəzini verdi.
21Çünki Rəbbin yolunu tutmuşam, Pis olub Allahımın yolundan azmamışam.
22Onun bütün hökmləri önümdədir, Qaydalarından imtina etməmişəm.
23Onunla mən kamala çatmışam, Özümü günahdan qorumuşam.
24Rəbb mənə salehliyimin əvəzini verdi, Gözünün önündə əlitəmiz olmağımın əvəzini verdi.
25Sədaqətlilərlə sədaqətlisən, Kamillərlə kamilsən.
26Təmizlərlə təmizsən, Əyrilərlə əyriliyinə görə davranırsan.
27İtaətkar insanları qurtarırsan, Təkəbbürlü baxışları alçaldırsan.
28Ya Rəbb, Sən çırağıma işıq verirsən! Allahım Rəbb zülmətimi nura çevirir.
29Səninlə qoşun üstünə hücum çəkirəm, Allahımla sədlər keçirəm.
30Allahın yolu kamildir, Rəbbin kəlamı safdır, Rəbb Ona sığınanların sipəridir.
31Rəbdən başqa Allah kimdir ki? Allahımızdan başqa qaya kimdir ki?
32Allah məni qüvvəsi ilə bürüyər, Yolumu kamil edər.
33Ayaqlarımı maral ayaqları kimi çevik edər, Məni zirvələrimdə saxlar.
34Əllərimə döyüş təlimi verər, Qollarım tunc kamanın yayını dartar.
35Sən mənə qurtuluş qalxanını verdin, Mənə sağ əlinlə dayaq oldun, Köməyinlə məni yüksəltdin.
36Geniş yer açdın ki, addımlayım, Ayaqlarım büdrəməsin.
37Düşmənlərimi qovub onlara çatdım, Onlar məhv olanadək geriyə qayıtmadım.
38Onları əzdim, qalxa bilmədilər, Ayaqlarımın altına sərildilər.
39Döyüş üçün məni qüvvə ilə bürüdün, Əleyhdarlarımı ayağımın altına saldın.

Read Zəbur 18Zəbur 18
Compare Zəbur 18:1-39Zəbur 18:1-39