2Pislər çəkilən tüstü kimi dağılsın, Alovun qarşısında mum kimi ərisin. Qoy onlar Allahın qarşısında məhv olsun.
3Salehlər sevinsin, Allahın hüzurunda fərəhindən coşsun, Sevinib şad olsun.
4Allaha ilahi oxuyun, ismini tərənnüm edin, Buludlar üstünə minənə yol açın. İsmi Rəbdir, hüzurunda fərəhiniz çağlasın.
5Öz müqəddəs məskənində olan Allah Yetimlərin atası, Dul qadınların müdafiəçisidir.
6Allah kimsəsizlərə ev qurur, Əsirləri firavanlığa çıxarır, Günahkarlar isə quru yurdda yaşayır.
7Ey Allah, Sən xalqının önündə gedərkən, Çöllükdə yürüşə çıxarkən Sela
8Sina dağındakı Allahın qarşısında, Allahın, İsrailin Allahının hüzurunda Yer lərzəyə gəldi, göydən yağış töküldü.
9Ey Allah, yaxşıca yağışlar yağdırdın, Solan torpaqlarını canlandırdın.
10Xalqın orada məskən saldı. Ey Allah, xeyirxahlığına görə Məzlumlar üçün oranı Sən hazırladın.
11Xudavənd əmr edir, Bir alay qadın Belə müjdə paylayır:
12«Düşmən orduları qaçır! Padşahları qaçır! Evdə olanlar Talan malını paylayırlar.
13Siz ağıllar arasında yatanda Qanadları gümüş kimi bərq vuran, Tükləri isə qızıl kimi parlayan, Göyərçinə oxşayırsınız».
14Külli-İxtiyar padşahları elə dağıtdı ki, Elə bil Salmon dağına göydən qar tökülür.
15Ey Başan dağı, Allahın dağı, Ey zirvələri çox olan Başan dağı!
16Ey zirvələri çox olan dağlar, Allah məskən salmaq üçün seçdiyi dağa Niyə qibtə ilə baxırsınız? Bəli, Rəbb orada əbədi yaşar.
17Allahın döyüş arabaları var Minlərlə, saysız-hesabsız. Xudavənd onlarla birgə Sinadan müqəddəs məskəninə gəlib.
18Ya Rəbb Allah, Sən yüksək yerlərə çıxıb məskən saldın, Əsir etdiyin düşmənləri Özünlə oraya apardın, Sən bütün insanlardan, Hətta üsyankarlardan da xərac aldın.
19Xudavəndə, Bizi qurtaran Allaha – Hər gün qayğı yükümüzü çəkənə alqış olsun! Sela
20Allahımız azad edən Allahdır, Ölümdən qurtaran Xudavənd Rəbdir.
21Allah düşmənlərin kəlləsini, Günah içində yaşayanların tüklü təpəsini əzəcək.
22Xudavənd belə dedi: «Onları Başandan geri qaytaracağam, Dənizin dibində olsalar belə, Oradan geri qaytaracağam.
23Qoy ayaqların düşmənlərin qanına batsın, Bundan itlərinin dilləri də pay alıb yalasın».
24Ey Allah, indi burada o zəfər yürüşün, Ey Allahım, Padşahım, müqəddəs yerə gəlişin görünür,
25Öndə ilahi oxuyanlar, Arxalarından isə çalğıçılar, Aralarında dəfçalan qızlar gəlir.