142Salehliyin əbədi salehlikdir, Sənin qanunun həqiqətdir.
143Başıma sıxıntı və məşəqqət gəldi, Amma Sənin əmrlərin mənə zövq verdi.
144Sənin göstərişlərin həmişə ədalətlidir, Mənə ağıl ver ki, yaşayım.
145Ya Rəbb, cavab ver! Bütün qəlbimlə Səni səsləyirəm, Sənin qaydalarına əməl edəcəyəm.
146Səni səslədim, məni qurtar, Qoy göstərişlərinə bağlı qalım.
147Dan yeri sökülməzdən əvvəl qalxıb Səni imdada çağırıram, Çünki ümidimi Sənin sözlərinə bağlayıram.
148Gecə boyu gözümə yuxu getmir, Kəlamını dərindən düşünürəm.
149Məhəbbətinə görə mənim səsimi eşit, Ya Rəbb, hökmlərinə görə mənə həyat bəxş et.
150Şər ardınca qaçanlar mənə yaxınlaşdılar, Onlar Sənin qanunundan uzaqlaşdılar.
151Ya Rəbb, Sən mənə yaxınsan, Bütün əmrlərin həqiqətdir.
152Göstərişlərini lap əvvəldən öyrənirəm, Əbədi qalsın deyə öyüdlərini verdin.
153Çəkdiyim əzabı gör, məni qurtar, Çünki qanununu unutmamışam.
154Münaqişəmi həll edib Özün məni azad et, Mənə kəlamına görə həyat bəxş et.
155Pislər qurtuluşdan uzaqdır, Çünki onlar Sənin qaydalarını axtarmırlar.
156Ya Rəbb, mərhəmətin çoxdur, Hökmlərinə görə məni yaşat.
157Düşmənlərim, məni təqib edənlər çoxdur, Lakin Sənin göstərişlərindən dönmədim.
158Bu xainlərə ikrahla baxıram, Çünki Sənin vədinə bağlı qalmayıblar.
159Sənin qayda-qanunlarını gör nə qədər sevirəm, Ya Rəbb, məhəbbətinə görə mənə həyat ver.
160Sözlərinin mahiyyəti həqiqətdir, Bütün ədalətli hökmlərin əbədidir.
161Başçılar boş yerə məni təqib edir, Amma ürəyim Sənin sözlərindən qorxur.
162Çoxlu qənimət tapan bir insan kimi Sənin kəlamın məni sevindirir.
163Yalandan zəhləm gedir, iyrənirəm, Çünki qanununu sevirəm.
164Ədalətli hökmlərinə görə Hər gün yeddi dəfə Sənə həmd edirəm.
165Qanununu sevənlər böyük əmin-amanlıq tapırlar, Onlar heç nə ilə büdrəməzlər.
166Ya Rəbb, xilasına ümid bəsləmişəm, Əmrlərinə əməl etmişəm.
167Göstərişlərinə ürəkdən bağlanmışam, Onları çox sevirəm!