1Ezrahlı Etanın maskili. Ya Rəbb, daim məhəbbətindən nəğmə oxuyacağam, Sənin sədaqətini dilim hər nəslə deyəcək.
2Deyirəm ki, məhəbbətin əbədiyaşardır, Sədaqətin göylər qədər sarsılmazdır.
3Dedin: «Öz seçdiyimlə əhd kəsmişəm, Qulum Davud üçün belə and içmişəm:
4“Mən nəslini əbədi sarsılmaz edəcəyəm, Sülaləni taxtında sonsuzadək yaşadacağam”». Sela
5Ya Rəbb, göylər Sənin xariqələrinə şükür etsin, Müqəddəslər camaatı arasında sədaqətinə həmd edilsin.
6Göydə Rəbbin tayı-bərabəri varmı? İlahi varlıqlar arasında Rəbbin bənzəri varmı?
7Müqəddəslər məclisində Allah çox zəhmlidir, Ətrafında olanların hamısından O heybətlidir.