1Us ölkəsində Əyyub adlı bir şəxs var idi. O, kamil, əməlisaleh, Allahdan qorxan və özünü şərdən uzaq saxlayan bir adam idi.
2Onun yeddi oğlu, üç qızı var idi.
3O, yeddi min baş qoyuna, üç min baş dəvəyə, beş yüz cüt öküzə, beş yüz baş eşşəyə və çoxlu nökərlərə sahib olub şərqdə yaşayanlar arasında ən varlı adam sayılırdı.
4Oğlanları növbə ilə evlərində ziyafət qurar və üç bacılarını da çağırardılar ki, birgə yeyib-içsinlər.
5Ziyafət müddəti bitəndən sonra Əyyub övladlarını çağırtdırıb təqdis edər və erkən qalxıb bütün övladlarının sayına görə yandırma qurbanı təqdim edərdi. Əyyub «bəlkə övladlarım günaha bataraq ürəklərində Allaha lənət ediblər» deyə düşündüyündən həmişə belə edərdi.
6Bir gün ilahi varlıqlar Rəbbin hüzuruna qalxmaq üçün gələndə Şeytan da onlara qoşulub gəldi.
7Rəbb Şeytana dedi: «Haradan gəlirsən?» Şeytan cavabında «dünyanı gəzib-dolaşmaqdan» dedi.
8Rəbb ona dedi: «Qulum Əyyuba yaxşı-yaxşı nəzər sala bildinmi? Axı yer üzərində onun kimisi yoxdur. O, kamil, əməlisaleh, Allahdan qorxan və özünü şərdən uzaq saxlayan bir adamdır».
9Şeytan Rəbbə belə cavab verdi: «Əyyub Allahdan boş yerəmi qorxur?
10Canına, evinə, var-dövlətinə sipər olub onu qoruyan Sən deyilsənmi? Əlinin bütün əməyinə bərəkət vermisən, sürüləri bütün ölkəni bürüyüb.