2Deyirəm ki, məhəbbətin əbədiyaşardır, Sədaqətin göylər qədər sarsılmazdır.
3Dedin: «Öz seçdiyimlə əhd kəsmişəm, Qulum Davud üçün belə and içmişəm:
4“Mən nəslini əbədi sarsılmaz edəcəyəm, Sülaləni taxtında sonsuzadək yaşadacağam”». Sela
5Ya Rəbb, göylər Sənin xariqələrinə şükür etsin, Müqəddəslər camaatı arasında sədaqətinə həmd edilsin.
6Göydə Rəbbin tayı-bərabəri varmı? İlahi varlıqlar arasında Rəbbin bənzəri varmı?
7Müqəddəslər məclisində Allah çox zəhmlidir, Ətrafında olanların hamısından O heybətlidir.
8Ya Rəbb, Ordular Allahı, Sənin tək qüdrətli varmı? Səni sədaqətin bürüyüb.
9Sən qabaran dənizə hökm edirsən, Aşıb-daşan dalğaları yatırırsan.
10Sən Rahavı əzib leşini çıxartdın, Qüvvətli qolunla düşmənləri dağıtdın.
11Göylər Sənin, yer üzü Sənin, Qurduğun yer üzündə hər şeyin təməlini qoymusan.