1Musiqi rəhbəri üçün. Asəfin «Gittit» üstə oxunan məzmuru. Qüvvətimiz olan Allahı mədh edin, Yaqubun Allahına cuşa gəlib nida edin!
2İlahi oxuyun, Dəfi, xoş avazlı liranı və çəngi çalın.
3Təzə Ay mərasimində, ay bədirlənəndə, Bizim bayram günündə Şeypur çalın!
4Çünki bu, İsrail üçün verilən qaydadır, Yaqubun Allahının hökmüdür.
5O, Misir əleyhinə çıxanda Yusif nəslinə belə bir öyüd verib. Naməlum bir səs eşitdim:
6«Onun çiyinlərini bu yükdən qurtarıram, Qoy əlləri bu ağır səbətdən azad olsun.
7Dar günündə Məni çağırdın, Mən də səni qurtardım. Gurlayaraq tufan içindən sənə cavab verdim, Meriva sularında səni sınadım. Sela
8Ey xalqım, dinlə, xəbərdarlıq edirəm, Ey İsrail, kaş ki Məni dinləyəydin!
9Aranızda özgə allah olmasın, Yad allaha kimsə səcdə qılmasın.
10Rəbb Allahınız Mənəm, Mən sizi Misir torpağından buraya gətirmişəm. Ağzını yaxşı aç, Doyunca yemək verirəm.
11Lakin xalqım səsimi eşitmədi, İsrail nəsli Məni istəmədi.