39Yada saldı ki, onlar yalnız bəşərdir, Onlar əsən, geri dönməyən küləyə bənzəyir.
40Neçə dəfə səhrada Ona qarşı üsyankar oldular, Neçə dəfə çöllükdə Onu kədərləndirdilər!
41Allahı dönə-dönə sınadılar, İsrailin Müqəddəsinin xətrinə dəydilər.
42Xatırlamadılar Onun qüdrətini, Düşməndən azad etdiyi günü,
43Misirdə göstərdiyi əlamətləri, Soan bölgəsində göstərdiyi möcüzələri.
44Misirlilər sulardan içə bilməsinlər deyə Suları qana döndərib çaylardan axıtmışdı.
45Onları göndərdiyi mozalanlara yem etmişdi, Göndərdiyi qurbağalar ölkələrini xarabaya çevirmişdi.
46Əkinlərini tırtıllara, Zəhmətlərinin bəhərini çəyirtkələrə vermişdi.