12Allah Misir torpağında, Soan bölgəsində, Ata-babalarının gözləri önündə xariqələr göstərmişdi.
13Dənizi yarıb onları keçirmişdi, Suları divar kimi saxlamışdı.
14Onlara gündüz buludla, Bütün gecə şəfəq saçan alovla yol göstərmişdi.
15Çöldə qayaları yarmışdı, İçsinlər deyə ümman kimi bol su çıxarmışdı.
16Qayadan suları sel kimi çıxarmışdı, Bu suları çaylar kimi axıtmışdı.
17Amma onlar günah etməyi davam etdirdilər, Səhrada Haqq-Taalaya qarşı üsyankar oldular.
18İştahaları artdı, yemək tələb etdilər, Ürəklərində Allahı sınağa çəkdilər.
19Allahın əleyhinə belə danışdılar: «Məgər Allah çöldə süfrə qura bilər?
20Nə olsun qayaya vuranda sular axdı, Sellər aşıb-daşdı. Görəsən O, çörək verə bilərmi? Xalqına ət verə bilərmi?»
21Rəbb bunu eşidərkən qəzəbləndi, Yaquba qarşı alovunu yerə tökdü, İsrailə qarşı hiddəti artdı.