Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 119

Zəbur 119:44-81

Help us?
Click on verse(s) to share them!
44Daim, əbədi olaraq Qanununa bağlı qalacağam.
45Azad gəzib-dolaşacağam, Çünki qayda-qanunlarını axtarmışam.
46Padşahların hüzurunda göstərişlərindən danışacağam, Bundan utanmayacağam.
47Sənin əmrlərindən zövq alıram, Onları sevirəm.
48Sevdiyim əmrlərinə tərəf əl açacağam, Sənin qaydalarını dərindən düşünəcəyəm.
49Sən quluna verdiyin sözü xatırla, Bu sözünlə mənə ümid vermisən.
50Əzab çəkəndə bundan təsəlli tapıram ki, Kəlamın məni həyata qaytaracaq.
51Lovğalar mənə çox istehza etdilər, Amma Sənin qanunundan dönmədim.
52Əzəldən var olan hökmlərini xatırladıqca, Ya Rəbb, bunlardan təsəlli tapıram.
53Qanununu atan pisləri görərkən Qəzəb məni bürüyür.
54Sənin qaydalarını bu qürbət eldə İlahi tək oxuyuram.
55Hər gecə adını yadıma salıram, Ya Rəbb, qanununa bağlı qalıram.
56Bu mənə bir adət oldu, Sənin qayda-qanunlarını yerinə yetirdim.
57Ya Rəbb, mənim nəsibimsən, Sözlərinə bağlı qalmaq üçün vəd etmişəm.
58Bütün qəlbimlə Sənə yalvarıram, Sən Öz kəlamına görə mənə lütf göstər.
59Tutduğum yollara nəzər salmışam, Hər addımımı göstərişlərinə tərəf yönəltmişəm.
60Əmrlərinə bağlanmaq üçün tələsirəm, Bunun üçün ləngimirəm.
61Pis adamlar mənə kəmənd atarkən Qanununu unutmadım.
62Adil hökmlərinə görə Sənə şükür etmək üçün Gecə yarısı qalxıram.
63Səndən qorxanların hamısı ilə, Qayda-qanunlarına bağlı qalanlarla dostam.
64Ya Rəbb, yer üzü məhəbbətinə bürünüb, Mənə qaydalarını öyrət.
65Ya Rəbb, verdiyin sözə görə Quluna xeyirxahlıq etmisən.
66Mənə ağıl, bilik öyrət, Çünki əmrlərinə inanıram.
67Əzaba düşməzdən əvvəl yoldan azırdım, Amma indi mən kəlamına bağlıyam.
68Nə qədər yaxşısan, xeyirxahlıq edirsən! Mənə qaydalarını öyrət.
69Lovğalar yalanları ilə mənə qara yaxırlar, Amma mən bütün qəlbimlə qayda-qanunlarını yerinə yetirirəm.
70Onların ürəkləri piylənərək daş bağlayıb, Mənsə qanunundan zövq alıram.
71Çəkdiyim əzabın xeyri mənə bu olub: Sənin qaydalarını öyrənirəm.
72Ağzından çıxan qanun mənim üçün Minlərlə qızıldan, gümüşdən daha qiymətlidir.
73Əllərinlə yaranmışam, mənə surət vermisən, Mənə qabiliyyət ver, qoy əmrlərini öyrənim.
74Səndən qorxanlar məni görərkən sevinsinlər, Çünki Sənin sözünə ümid bağlamışam.
75Ya Rəbb, bilirəm ki, hökmlərin ədalətlidir, Mənə əzab çəkdirsən də, sədaqətin yox olmur.
76Quluna verdiyin kəlama görə Məhəbbətin mənə təsəlli versin.
77Mənə mərhəmət et ki, yaşayım, Çünki qanunundan zövq alıram.
78Mənim barəmdə yalan danışan lovğaları utandır, Çünki mən qayda-qanunlarını dərindən düşünürəm.
79Səndən qorxanlar yanıma gəlsin, Onlar Sənin göstərişlərini bilənlərdir.
80Qaydalarına görə mənim qəlbim kamil olsun, Qoy heç zaman xəcalət çəkməyim!
81Qurtuluş həsrətini çəkməkdən qəlbimdə tab qalmayıb, Sözünə ümid bağlamışam.

Read Zəbur 119Zəbur 119
Compare Zəbur 119:44-81Zəbur 119:44-81