Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri

Süleymanin Məsəlləri 3

Help us?
Click on verse(s) to share them!
1Oğlum, təlimimi unutma, Qoy qəlbin əmrlərimə bağlansın.
2Onlar ömrünü uzadar, Həyatına illər, firavanlıq artırar.
3Qoy səni xeyirxahlıq və sədaqət tərk etməsin, Onları boynuna bağla, ürəyinin lövhəsinə yaz.
4Onda Allahın və insanların gözündə Lütf tapıb şərəfə çatarsan.
5Bütün qəlbinlə Rəbbə güvən, Öz idrakına etibar etmə.
6Bütün yollarında Onu tanı, O sənin yollarını düzəldər.
7Öz gözündə özünü hikmətli sanma, Rəbdən qorx, şərdən çəkin.
8Bu, bədəninə şəfa verər, Sümüklərinə ilik olar.
9Rəbbi var-dövlətinlə, Məhsulunun nübarı ilə şərəfləndir.
10Onda anbarların nemətlə dolar, Şərab çənlərin təzə şərabla daşar.
11Oğlum, Rəbbin verdiyi tərbiyəyə xor baxma, Onun məzəmmətinə nifrət etmə.
12Ata sevdiyi oğlunu necə məzəmmət edərsə, Rəbb də sevdiyini elə məzəmmət edər.
13Hikmətə çatan, Dərrakə tapan insan nə bəxtiyardır!
14Bunları qazanmaq gümüş qazanmaqdan yaxşıdır, Bu qazanc saf qızıldan dəyərlidir.
15Hikmət yaqutlardan qiymətlidir, Xoşladığın bütün şeylər ona tay deyil.
16Onun sağ əlində uzun ömür, Sol əlində sərvət və şərəf var.
17Onun yolları bəyənilir, Bütün yolları əmin-amandır.
18Ona bağlananlar üçün o, həyat ağacıdır, Ondan möhkəm yapışanlar nə bəxtiyardır!

19Rəbb dünyanın təməlini hikmətlə qurub, Dərrakə vasitəsilə göyləri bərqərar edib.
20Biliyi ilə dərinliklər yarılıb, Göylərdən şeh çilənir.
21Oğlum, sağlam şüura, dərrakəyə bağlan, Bunlardan gözünü çəkmə.
22Onlar sənin həyatın olar, Gözəl naxış kimi boynuna bağlanar.
23O zaman rahat gəzərsən, Ayaqların büdrəməz.
24Qorxusuz, rahat yatarsan, Şirin yuxu taparsan.
25Qəfil fəlakətdən, Pislərə gələn bəladan qorxma.
26Çünki güvəndiyin Rəbdir, O qoymaz ki, sən tələyə düşəsən.
27Əlindən yaxşılıq gəlirsə, Buna layiq insanlardan əsirgəmə.
28İmkanın varsa, qonşuna demə: «Sonra gələrsən, sabah verərəm».
29Yanında sakit yaşayan qonşun üçün Şər qurma.
30Sənə pislik etməyənlə Nahaq yerə çəkişmə.
31Zorakıya qibtə etmə, O gedən yolların heç birini seçmə.
32Çünki azğınlar Rəbdə ikrah yaradar, Rəbb əməlisalehlərlə dost olar.
33Rəbb pislərin ocağına lənət edər, Salehlərin yurduna xeyir-dua verər.
34Rəbb rişxəndçilərə istehza edər, İtaətkarlara isə lütf göstərər.
35Hikmətlilər şərəfi irs alacaq, Axmağın nəsibi şərəfsizlik olacaq.