1Quru bir loğması olan dinc ev Münaqişəli olan, ziyafət dolu evdən yaxşıdır.
2Ağıllı nökər adbatıran oğlun ağası olar, Qardaşlar arasında miras payı alar.
3Qızıl-gümüş isti kürədə yoxlanar, Rəbb isə ürəyi araşdırar.
4Pis adamın diqqəti şər ağızdadır, Yalançı fitnəkarın sözlərinə qulaq asır.
5Yoxsula rişxənd edən Yaradanına xor baxır, Başqasının bəlasına sevinən cəzasız qalmır.
6Nəvələr ahılların tacıdır, Oğulların şərəfi atalarıdır.
7Sarsağa bəlağətli söz yaraşmadığı kimi Əsilzadəyə də yalançı dil yaraşmaz.
8Rüşvət verənin gözündə rüşvət bir tilsimdir, Çünki hansı tərəfə getsə, uğur gətirir.
9Günahı örtən məhəbbət axtarar, Sözgəzdirən əziz dostları ayırar.
10Qanan insan üçün bir irad Axmağa vurulan yüz zərbədən də artıq təsir edir.
11Pis insan ancaq üsyankarlıq axtarar, Onun əleyhinə qəddar qasid göndərilər.
12Balalarını itirmiş bir ayıya rast gəlmək Səfahətə batmış axmaqla rastlaşmaqdan yaxşıdır.
13Kim yaxşılıq əvəzinə pislik etsə, Evindən pislik ayrılmaz.
14Davanın başlanması su bəndinin açılmasına bənzər, Dava başlanmamış münaqişəni tərk et.
15Şərə haqq vermək, salehi məhkum etmək – Hər ikisi Rəbdə ikrah yaradır.
16Axmaq hikmət qazanmaq istəməz, Bunun üçün pul sərf etmək fayda verməz.
17Dost hər zaman sevər, Qardaş dar gün üçün doğular.
18Qanmaz başqası ilə əlbir olar, O, qonşusuna zamin durar.
19İtaətsizliyi sevən münaqişəni sevər, Qapısını ucaldan əcəlini səslər.
20Əyri ürəkli xeyir tapmaz, Hiyləgər dilli insanı bəlaya salar.
21Axmağın atası dərdə düşər, Sarsağın atasının sevinci itər.
22Ürək sevinci can üçün ən yaxşı məlhəmdir, Könlün sınması sümükləri qurudar.
23Şər qoltuğuna rüşvət götürər ki, Ədalət yollarını pozsun.
24Qanan adam hikmətə baxar, Axmağın gözləri dünyanın o tayını axtarar.
25Axmaq oğul atasına qəm-kədər verər, Onu doğan anasını qubarladar.
26Saleh insanı cərimə etmək yaxşı deyil, Əsilzadəni düzlüyünə görə döymək yaxşı deyil.
27Çoxbilən az danışar, Müdrik həlimlik ruhunda olar.
28Səfeh belə, sakit dayansa, hikmətli hesab edilər, Ağzını yumsa, dərrakəli görünər.