Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri

Süleymanin Məsəlləri 23

Help us?
Click on verse(s) to share them!
1Bir ağa ilə süfrəyə əyləşəndə Qarşında olana yaxşı bax.
2İştahan çox olsa da, boğazına sərhəd qoy.
3Onun ləziz xörəklərinə tamah salma, Çünki bu yemək adamı aldadar.
4Sərvət qazanmaq üçün özünü əldən salma, İdraklı ol, bu fikirdən vaz keç.
5Gözünü sərvətə diksən, yox olar, Birdən qanadlanar, uçub qartal tək göyə qalxar.
6Xəsisin çörəyini yemə, Onun ləziz xörəklərinə tamah salma.
7O, ürəyində hər şeyin hesabını edər. Dilində sənə «ye, iç» deyər, Amma ürəyi ilə dili bir deyil.
8Yediyin loğmanı qusarsan, Dediyin bütün şirin sözlər boşa çıxar.
9Axmağın qulağına söz demə, Çünki sənin ağıllı sözlərinə xor baxar.
10Qədim sərhəd daşının yerini dəyişmə, Yetimlərin əkininə girmə.
11Çünki onların Hamisi qüvvətlidir, Səninlə olan münaqişəyə O baxar.
12Qəlbini tərbiyəyə, Qulaqlarını bilik sözlərinə ver.
13Uşağa tərbiyə ver, bundan vaz keçmə, Tərbiyə kötəyi ona ölüm gətirməz.
14Əgər sən onu kötəkləsən, Canını ölülər diyarından xilas edərsən.
15Oğlum, ürəyin hikmətli olarsa, Mənim də ürəyim sevinər.
16Dilindən düz sözlər çıxarsa, Könlüm sevincdən cuşa gələr.
17Ürəyin günahkarlara qibtə etməsin, Ancaq bütün gün Rəbb qorxusu ilə yaşa.
18Sənin də bir aqibətin var, Ümidin boşa çıxmaz.

19Oğlum, dinlə, hikmətli ol, Qəlbini düz yola bağla.
20Şərab düşkünü olan əyyaşlara, Ət qapan qarınqululara qoşulma.
21Çünki əyyaş və qarınqulu yoxsullaşar, Yeyib-içib, məst olan cır-cındır içində qalar.
22Doğma atana qulaq as, Qoca anana xor baxma.
23Həqiqət al, onu satma, Hikməti, tərbiyəni, idrakı qoruyub-saxla.
24Salehin atası bolluca fərəhlənəcək, Hikmətlinin övladı onu sevindirəcək.
25Qoy ata-anan sevinsin, Səni doğan fərəhlənsin.
26Oğlum, ürəyini mənə yönəlt, Gözlərin mənim yollarımı nəzərdən keçirsin.
27Fahişə dərin bir çuxurdur, Yad arvad dar quyudur.
28Quldur kimi pusqu qurar, İnsanlar arasında xainləri artırar.
29Kimdir yaslı? Kimdir dərdli? Kimin münaqişəsi var? Kimin şikayəti var? Kim boş yerə yaralandı? Kimin gözləri qızarar?
30Şərab içməyə oturub qalxmayan, Gedib müxtəlif şərab dadanlar!
31Şərabın al rənginə, Qədəhdə parlamasına, rahat içilməsinə baxma.
32Axırda ilan kimi sancar, Əfi ilan kimi zəhərlər.
33Gözlərinə qəribə şeylər görünər, Qəlbinə əyri fikirlər gələr.
34Özünü dənizin ortasında sanarsan, Sanki gəmi dirəyinin başında yatmısan.
35Deyərsən: «Məni vurublar, hiss etməmişəm, Məni döyüblər, heç bilməmişəm. Yenə içmək üçün nə zaman ayılacağam?»