1Padşahın ürəyi Rəbbin əlindədir, Onu su arxı kimi istədiyi səmtə döndərər.
2İnsanın yolu öz gözündə düz sayılar, Lakin ürəkləri Rəbb yoxlayar.
3Rəbb Ona qurban təqdimindən çox Salehliyə, ədalətə riayət edilməsini istər.
4Təkəbbürlü baxış, lovğa ürək Pislərin işığı və günahıdır.
5Çalışqanın niyyəti xeyir gətirər, Tələsən ehtiyac içinə düşər.
6Yalançılıqla qazanılan xəzinə Havaya yayılan sis-dumandır, bir ölüm tələsidir.
7Zorakılığına görə pislər süpürülüb atılacaq, Çünki onlar ədalətə əməl etmək istəmir.
8Günahkarın yolu dolaşıqdır, Pak insanın etdiyi doğru sayılır.
9Davakar arvadla bir evdə yaşamaqdansa Damın bir küncündə yaşamaq yaxşıdır.
10Pis insan şərə can atar, Qonşusu gözündə lütf tapmaz.
11Rişxəndçini cərimə etsən, cahil bundan hikmət alar, Hikmətli ibrətdən bilik qazanar.
12Saleh insan pislərin evi barədə düşünər, Çünki pislər alt-üst olub bəlaya düşər.
13Qulağını tutub kasıbın fəryadını eşitməyənin Fəryadına cavab verilməyəcək.
14Gizli hədiyyə qəzəbi, Qoltuqdakı rüşvət hiddəti yatırar.
15Haqq öz yerinə gələndə saleh sevinər, Şər iş görənin başı bəlaya düşər.
16Kim ki ağlın yolundan çıxar, Ölülər camaatı arasında uyuyar.
17Zövq-səfaya düşkün olan ehtiyaca düşər, Şərab və yağlı yemək hərisi sərvət tapmaz.
18Pis insan salehin yerinə, Xain əməlisalehin əvəzinə girov verilər.
19Davakar, deyingən arvadla yaşamaqdansa Çöllükdə yaşamaq yaxşıdır.
20Hikmətlinin evində istənilən xəzinə və bolluq var, Axmağın nəyi varsa, yeyib-qurtarar.
21Salehlik və sədaqətin ardınca gedən Həyat, salehlik və şərəf tapar.
22Bir hikmətli qəhrəmanların şəhərinə hücum çəkər, Alınmaz qalanı darmadağın edər.
23Ağzını, dilini tutan insan Canını bəlalardan saxlayar.
24Lovğa, təkəbbürlü adam rişxəndçi adlanır, Lovğalandıqca lovğalanır.
25Tənbəlin arzusu onu ölümə aparır, Çünki əlləri zəhmətdən qaçır.
26Tənbəl bütün gün çox şey arzulayar, Salehsə əsirgəmədən azuqə paylayar.
27Şər adamın etdiyi qurban iyrəncdir, Pis niyyətlə təqdim olunarsa, daha pisdir.
28Yalançı şahid həlak olar, Söz eşidən həmişə danışdırılar.
29Şər adam üzünü sərtləşdirər, Əməlisaleh tutduğu yolu möhkəmləndirər.
30Heç bir hikmət, dərrakə, ibrət Rəbbin qarşısında dayana bilməz.
31Atlar döyüş günü üçün hazırlanar, Amma zəfəri Rəbb qazandırar.