1Davud qocalıb yaşa dolanda oğlu Süleymanı İsrail üzərində padşah etdi.
2Davud İsrailin bütün başçılarını, kahinləri və Levililəri topladı.
3Otuz yaşında və bundan yuxarı yaşda olan Levililər siyahıya alındı. Onlardan kişilərin sayı otuz səkkiz min nəfər idi.
4Bunlardan iyirmi dörd min nəfəri Rəbbin məbədində xidmət üçün qoyuldu. Altı min məmur və hakim,
5dörd mini isə qapıçı oldu. Dörd min nəfər Davudun bu məqsədlə düzəltdiyi musiqi alətləri ilə Rəbbi həmd etmək üçün qoyuldu.
6Levinin Gerşon, Qohat və Merari nəsillərinə görə Davud onları bölmələrə ayırdı.
7Gerşonun nəslindən: Ladan və Şimey.
8Ladanın oğulları: ilk oğlu Yexiel, Zetam və Yoel – üç nəfər.
9Şimeyin oğulları: Şelomit, Xaziel və Haran – üç nəfər. Bunlar Ladanın nəsil başçıları idi.
10Şimeyin oğulları: Yaxat, Ziza, Yeuş və Beria. Bu dördü Şimeyin oğulları idi.
11Yaxat ilk oğlu, Ziza isə ikincisi idi. Ancaq Yeuşun və Berianın oğulları çox deyildi. Onlar birlikdə bir nəsil kimi siyahıya alındı.
12Qohatın oğulları: Amram, İshar, Xevron və Uzziel – dörd nəfər.
13Amramın oğulları: Harun və Musa. Harun ən müqəddəs şeyləri təqdis etmək üçün təyin olundu. Onun nəsli əbədi olaraq Rəbbin önündə buxur yandırmaq, Rəbbə xidmət etmək və həmişə Onun adı ilə xeyir-dua vermək üçün təyin olundu.
14Allah adamı Musaya gəlincə, onun nəsli Levi qəbiləsi arasında siyahıya alındı.
15Musanın oğulları: Gerşom və Eliezer.
16Gerşomun ilk oğlu Şevuel.
17Eliezerin ilk oğlu Rexavya. Eliezerin başqa oğlu yox idi, amma Rexavyanın oğulları olduqca çox idi.
18İsharın ilk oğlu Şelomit.
19Xevronun oğulları: ilk oğlu Yeriya, ikincisi Amarya, üçüncüsü Yaxaziel və dördüncüsü Yeqameam.
20Uzzielin oğulları: ilk oğlu Mikeya və ikincisi İşşiya.
21Merarinin oğulları: Maxli və Muşi. Maxlinin oğulları: Eleazar və Qiş.
22Eleazar öləndə onun oğlu yox idi, ancaq qızları var idi və əmiləri Qişin oğulları onları arvad aldılar.
23Muşinin oğulları: Maxli, Eder və Yeremot – üç nəfər.
24Bunlar adları ilə siyahıya düşən Levililərin ailə başçılarıdır. Rəbbin məbədinin xidmət işini görən Levililər iyirmi yaşında və bundan yuxarı yaşda idi.
25Davud demişdi: «İsrailin Allahı Rəbb xalqına dinclik vermişdir və əbədi olaraq Yerusəlimdə məskən salacaq.
26Levililər müqəddəs məskəni və onun bütün xidmət əşyalarını daha daşımayacaq».
27Buna görə də Davudun son sözlərinə görə iyirmi yaşında və bundan yuxarı yaşda olan Levililər siyahıya alındı.
28Onların vəzifəsi Rəbbin məbədində Harunun nəslindən olan kahinlərin yanında dayanıb bu xidmət işlərini görmək idi: həyətlərə və otaqlara baxmaq, bütün müqəddəs əşyaları təmizləmək, Allahın evində xidmət etmək,
29təqdim çörəklərinə, təqdim üçün verilən una, mayasız qoğallara, onların yoğrulmasına və bişməsinə, hər cür ölçü qablarına baxmaq,
30hər səhər durub Rəbbə şükür və həmd etmək, hər axşam da elə etmək,
31Şənbə günlərində, Təzə Ay mərasimlərində, bayramlarda əmr edilən qaydalara görə düzgün sayda daim Rəbbin önündə yandırma qurbanları təqdim etmək.
32Beləcə Levililər Hüzur çadırının, Müqəddəs yerin xidmətlərinə, Rəbbin evinin xidmətlərində qohumları Harun nəslinə xidmət etməyə cavabdeh idilər.