Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Birinci Salnamələr

Birinci Salnamələr 13

Help us?
Click on verse(s) to share them!
1Davud minbaşılar, yüzbaşılar və bütün başçılarla məsləhətləşdi.
2O bütün İsrail camaatına dedi: «Əgər bu iş sizə xoş gəlsə və Allahımız Rəbbin iradəsi ilə olsa, İsrailin hər tərəfində yaşayan soydaşlarımıza, onlarla birgə otlağı olan şəhərlərdə yaşayan kahinlərə və Levililərə xəbər göndərək ki, bizim yanımıza toplansınlar.
3Sonra Allahımızın sandığını yanımıza qaytaraq, axı Şaulun dövründə biz ona məhəl qoymurduq».
4Bütün camaat «belə edək» dedi, çünki bütün xalqın nəzərində bu iş doğru idi.
5Davud Allahın sandığını Qiryat-Yearimdən gətirmək üçün Misirdəki Şixor çayından Xamat keçidinə qədər uzanan torpaqda yaşayan bütün İsrailliləri topladı.
6Davud bütün İsraillilərlə birgə «keruvlar üzərində taxt quran Rəbb» çağırılan Allahın sandığını Yəhudaya məxsus olan Baalatdan, yəni Qiryat-Yearimdən çıxartmaq üçün oraya getdi.
7Allahın sandığını bir təzə arabaya qoyub Avinadavın evindən apardılar. Arabanı Uzza və Axyo sürürdü.
8Davud və bütün İsraillilər Allahın hüzurunda həvəslə ilahi oxuyur, liralarla, çənglərlə, dəflərlə, sinclərlə və kərənaylarla çalıb oynayırdılar.
9Kidonun xırman yerindən keçəndə öküzlər büdrədi. Buna görə də Uzza əl uzadıb sandığı tutdu.
10Uzza əlini uzadaraq sandığa toxunduğu üçün Rəbb qəzəblənib onu vurdu. Beləcə Uzza orada Allahın önündə öldü.
11Davud Rəbbin Uzzanı vurmasından çox məyus oldu. O yerə bu günə qədər Peres-Uzza deyilir.
12Həmin gün Davud Allahdan qorxub dedi: «Allahın sandığını necə yanıma gətirə bilərəm?»
13Buna görə də Davud sandığı öz yanına – Davudun şəhərinə gətirmədi, onu yolundan döndərib Qatlı Oved-Edomun evinə qoydu.
14Allahın sandığı üç ay Oved-Edomun evində – onun ailəsinin yanında qaldı. Rəbb Oved-Edomun ailəsinə və ona məxsus hər şeyə bərəkət verdi.