Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Birinci Salnamələr

Birinci Salnamələr 12

Help us?
Click on verse(s) to share them!
1Davud, Qiş oğlu Şauldan gizlənən vaxt bir neçə nəfər Ziqlaqa, Davudun yanına gəldi. Onlar döyüşdə ona kömək edən igidlər arasında idi.
2Binyamin nəslindən, Şaulun qohumlarından olan bu adamlar ox-kamanla silahlanıb sağ və sol əllə sapanddan daş atmağı və kamanla ox atmağı bacarırdı. Onların adları belədir:
3onların başçısı olan Givealı Şemaanın oğulları, Axiezer və Yoaş, Azmavetin oğulları Yeziel və Pelet, Beraka və Anatotlu Yehu,
4«otuz igid»dən biri olan və onlara başçılıq edən Giveonlu İşmaya, Yeremya, Yaxaziel, Yoxanan, Gederalı Yozavad,
5Eluzay, Yerimot, Bealya, Şemarya, Xaruflu Şefatya,
6Qorahın nəslindən olan Elqana, İşşiya, Azarel, Yoezer, Yaşoveam,
7Qedorlu Yeroxam oğulları Yoela və Zevadya.
8Qadlılardan sipər və nizə işlədə bilən, döyüşməyi bacaran igidlər Davudun tərəfinə keçdilər və çöldəki qalaya gəldilər. Onların üzləri şir üzü kimi idi və dağlardakı ceyranlar kimi qaça bilirdilər.
9Bu başçıların adları belədir: Ezer, ikincisi Avdiya, üçüncüsü Eliav,
10dördüncüsü Mişmanna, beşincisi Yeremya,
11altıncısı Attay, yeddincisi Eliel,
12səkkizincisi Yoxanan, doqquzuncusu Elzavad,
13onuncusu Yeremya, on birincisi Makbannay.
14Bunlar Qadlılardan olan qoşun başçıları idi. Ən zəifi yüz adamın, ən güclüsü isə min adamın qabağına çıxa bilərdi.
15Onlar birinci ayda, İordan çayı bütün sahilləri boyu daşanda onu keçib vadilərdə yaşayanların hamısını şərqə və qərbə tərəf qovdular.
16Binyaminlilərdən və Yəhudalılardan da Davudun yanına, qalaya adamlar gəldi.
17Davud onları qarşılamağa çıxdı və onlara dedi: «Əgər mənə kömək üçün sülhlə gəlmisinizsə, gözüm üstə yeriniz var, ancaq zorakılıq etmədiyim halda məni düşmənlərimə təslim etmək üçün gəlmisinizsə, atalarımızın Allahı bunu görsün və hökm etsin».
18Ruh «otuz igid»in başçısı Amasayın üzərinə endi və o dedi: «Ey Davud, biz səninləyik, Ey Yessey oğlu, biz sənin tərəfindəyik. Sülh, sülh olsun sənə və sənə kömək edənə, Çünki Allahın sənə kömək edir». Davud onları götürüb dəstə başçıları təyin etdi.

19Davud Filiştlilərlə birgə müharibə etmək üçün Şaulun üstünə gələndə Menaşşelilərdən də bəzisi Davudun tərəfinə keçdi, ancaq Filiştlilərə kömək etmədilər. Çünki Filiştlilərin ağaları məsləhətləşib «Davud bizim başımızı verib ağası Şaulla barışacaq» dedilər və onu geri göndərdilər.
20Davud Ziqlaqa gedərkən onun tərəfinə keçən Menaşşelilər bunlardır: Adnah, Yozavad, Yediael, Mikael, Yozavad, Elihu və Silletay. Onların hamısı Menaşşelilər arasında minbaşı idi.
21Onlar quldur dəstəsinə qarşı döyüşdə Davuda kömək etdilər, çünki onların hamısı igid adamlar idi. Sonra onlar qoşun başçıları oldu.
22Beləcə gündən-günə Davuda kömək etmək üçün onun yanına döyüşçülər gəlirdi və onun ordusu Allah ordusu qədər böyük oldu.
23Rəbbin sözünə görə Şaulun padşahlığını Davuda vermək üçün onun yanına, Xevrona gələn silahlanmış döyüşçülərin sayı belədir:
24Yəhudalılardan altı min səkkiz yüz nəfər sipər və nizə ilə silahlanmış əsgər;
25Şimeonlulardan döyüş üçün yeddi min yüz nəfər igid döyüşçü;
26Levililərdən dörd min altı yüz nəfər;
27Harun evinin rəhbəri Yehoyada və onunla birgə üç min yeddi yüz nəfər;
28gənc və igid bir döyüşçü olan Sadoq və onun nəslindən olan iyirmi iki başçı;
29Şaulun qohumları olan Binyaminlilərin əksəriyyəti o vaxta qədər Şaul sülaləsinə sadiq qaldığı üçün onlardan yalnız üç min nəfər;
30Efrayimlilərdən iyirmi min səkkiz yüz nəfər igid və öz nəsillərinin adlı-sanlı adamları;
31Menaşşe qəbiləsinin yarısının arasından gəlib Davudu padşah etmək üçün təyin olunmuş on səkkiz min nəfər;
32İssakarlılardan dövrün vəziyyətinə görə İsrailə nə etmək lazım gəldiyini bilən adamlar – iki yüz nəfər başçı və onların əmri altında olan bütün qohumları;
33Zevulunlulardan döyüşməyi bacaran, bütün silahlarla döyüş nizamını qura bilən və sidq ürəkdən kömək edən əlli min nəfər;
34Naftalililərdən min başçı, onlarla birgə sipər və nizəsi olan otuz yeddi min nəfər;
35Danlılardan döyüş nizamını qura bilən iyirmi səkkiz min altı yüz nəfər;
36Aşerlilərdən döyüşməyi bacaran və döyüş nizamını qura bilən qırx min nəfər;

37İordan çayının o tayında yaşayan Ruvenlilərdən, Qadlılardan və Menaşşe qəbiləsinin yarısından döyüş üçün hər cür silahı olan yüz iyirmi min nəfər.
38Döyüşməyi bacaran bu könüllü döyüşçülərin hamısı Davudu bütün İsrail üzərində padşah etmək üçün Xevrona gəldi. İsraillilərin qalan hissəsi də Davudu yekdilliklə padşah etmək niyyətində idi.
39Döyüşçülər orada üç gün Davudla birgə qaldılar və yeyib-içdilər, çünki qohumları onlar üçün hazırlıq görmüşdü.
40İssakara, Zevuluna və Naftaliyə qədər yayılmış yaxınları da onlara eşşəklər, dəvələr, qatırlar və öküzlər üstündə ərzaq – yaxşı un, sıxılmış əncir, kişmiş, şərab, yağ, mal-qara və qoyun-keçi gətirmişdi. O zaman İsraildə şadlıq var idi.