Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Birinci Salnamələr

Birinci Salnamələr 18

Help us?
Click on verse(s) to share them!
1Bundan sonra Davud Filiştliləri məğlub edib özünə tabe etdi və Qatı, onun qəsəbələrini Filiştlilərdən aldı.
2O, Moavlıları da məğlub etdi və Moavlılar Davuda tabe olub xərac verdilər.
3Sova padşahı Hadadezer Fərat çayının ətrafındakı yerlərdə hakimiyyətini bərpa etməyə gedəndə Davud Xamatda onu məğlub etdi.
4O, Hadadezerin min döyüş arabasını aldı, yeddi min süvarisini, iyirmi min piyada əsgərini əsir etdi və atlardan yüzə qədərini döyüş arabası üçün saxlayaraq qalan atların ayaq vətərini kəsdi.
5Dəməşqdə yaşayan Aramlılar Sova padşahı Hadadezerə kömək etməyə gələndə Davud onlardan iyirmi iki min nəfəri qırdı.
6Davud Dəməşq Aramına hərbi dəstələr yerləşdirdi və Aramlılar ona tabe olub xərac verdilər. Rəbb Davuda getdiyi hər yerdə zəfər qazandırdı.
7O, Hadadezerin zabitlərinin gəzdirdiyi qızıl qalxanları götürüb Yerusəlimə gətirdi.
8Davud Hadadezerin şəhərləri olan Tivxatdan və Kundan çoxlu tunc aldı. Sonralar Süleyman ondan tunc hovuzu, sütunları və tunc qabları düzəltdi.
9Xamat padşahı Tou eşitdi ki, Davud Sova padşahı Hadadezerin bütün ordusunu məğlub edib.
10O, Davudu salamlamaq və Hadadezeri döyüşdə məğlub etdiyinə görə təbrik etmək üçün oğlu Hadoramı onun yanına göndərdi, çünki Hadadezer Tou ilə həmişə müharibə etmişdi. Hadoram hər cür qızıl-gümüş və tunc əşyalar gətirdi.
11Padşah Davud bütün millətlərdən – Edomlulardan, Moavlılardan, Ammonlulardan, Filiştlilərdən və Amaleqlilərdən alıb gətirdiyi qızıl-gümüşlə birgə bunları da Rəbbə həsr etdi.
12Seruya oğlu Avişay Duz vadisində Edomlulardan on səkkiz min nəfəri qırdı.
13O, Edoma hərbi dəstələr yerləşdirdi və bütün Edomlular Davuda tabe oldular. Rəbb Davuda getdiyi hər yerdə zəfər qazandırdı.
14Davud bütün İsrailin padşahı oldu. O bütün xalqına ədalət və salehliklə hökmranlıq edirdi.
15Seruya oğlu Yoav ordu başçısı idi; Axilud oğlu Yehoşafat salnaməçi idi;
16Axituv oğlu Sadoq və Evyatar oğlu Avimelek kahin idi; Şavşa mirzə idi;
17Yehoyada oğlu Benaya Keretlilər və Peletlilərin başçısı idi; Davudun oğulları padşahın baş məmurları idi.