Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Birinci Salnamələr

Birinci Salnamələr 19

Help us?
Click on verse(s) to share them!
1Bir müddət sonra Ammonluların padşahı Naxaş öldü və yerinə oğlu padşah oldu.
2Davud dedi: «Naxaşın oğlu Xanuna yaxşılıq edəcəyəm, çünki atası mənə yaxşılıq etdi». Davud qasidlər göndərdi ki, atasına görə Xanuna başsağlığı versin. Lakin Davudun adamları Ammon ölkəsinə, onun yanına gələndə
3Ammonluların başçıları Xanuna dedilər: «Sən elə bilirsən ki, Davud bu başsağlığı verən adamları sənin atana hörməti olduğu üçün göndərib? Bəlkə onun adamları bu torpaqdan keçməklə onu yoxlayıb öyrənmək, sonra da ələ keçirmək üçün sənin yanına gəliblər».
4Xanun Davudun adamlarını tutub saqqallarını qırxdıraraq paltarlarını oturacaq yerinə qədər aşağıdan kəsdirdi və onları geri göndərdi.
5Bu adamlar barədə Davuda xəbər çatdı. Davud onları qarşılamaq üçün qasidlər göndərdi, çünki bu adamlar çox utanırdı. Padşah dedi: «Saqqalınız çıxana qədər Yerixoda qalın, sonra qayıdarsınız».
6Xanun və Ammonlular Davudun yanında nifrət qazandıqlarını görəndə Aram-Naharayimdən, Aram-Maakadan, Sovadan özlərinə muzdla döyüş arabaları və atlılar tutmaq üçün min talant gümüş göndərdilər.
7Özləri üçün otuz iki min araba, Maaka padşahını və onun qoşunlarını muzdla tutdular, onlar da gəlib Medvanın önündə ordugah qurdular. Ammonlular öz şəhərlərindən yığılıb döyüşə gəldilər.
8Davud bunu eşidib Yoavla bütün igidlər ordusunu onların üstünə göndərdi.
9Ammonlular çıxıb şəhərin girişində, gələn padşahlar isə ayrıca çöldə döyüş üçün düzüldü.
10Yoav öndən və arxadan düşmənlərin ona qarşı düzüldüklərini görəndə bütün İsrailin seçmə döyüşçülərindən bəzisini ayırıb Aramlılara qarşı düzdü.
11Xalqın qalan hissəsinə isə qardaşı Avişayı başçı qoydu və onlar Ammonluların qarşısında düzüldü.
12Yoav dedi: «Əgər Aramlılar məndən güclü çıxarsa, sən mənə kömək edərsən, əgər Ammonlular səndən güclü çıxarsa, mən sənə kömək edərəm.
13Möhkəm ol. Gəl xalqımız naminə və Allahımızın şəhərləri naminə igidlik göstərək. Qoy Rəbb gözündə xoş olanı etsin».
14Yoav və yanındakı qoşun vuruşmaq üçün Aramlıların qarşısına yaxınlaşdı. Aramlılar Yoavın önündən qaçdı.
15Ammonlular da Aramlıların qaçdığını görəndə Yoavın qardaşı Avişayın qabağından qaçıb şəhərə girdilər. Sonra Yoav Yerusəlimə gəldi.
16Aramlılar İsraillilərin önündə məğlub olduqlarını görəndə qasidlər göndərib Fərat çayının o tayındakı Aramlıları döyüşə çıxartdılar. Onların başçısı Hadadezerin ordu başçısı Şofak idi.
17Bunu Davuda xəbər verdilər. O bütün İsrailliləri toplayıb İordan çayını keçdi və Aramlıların qarşısına gəlib qoşununu onlara qarşı düzdü. Davud öz qoşununu Aramlıların önünə çıxartdı və Aramlılar onunla vuruşdu.
18Aramlılar İsraillilərin qabağından qaçdı. Davud Aramlılardan yeddi min araba döyüşçüsünü və qırx min piyadanı qırdı, ordu başçısı Şofakı da öldürdü.

19Hadadezerin adamları İsraillilərin önündə məğlub olduqlarını görəndə Davudla sülh bağladılar və ona tabe oldular. Aramlılar bir daha Ammonlulara kömək etmək istəmədi.