1İsrailin ilk oğlu Ruven idi, amma atasının yatağını murdarladığı üçün onun ilk oğulluq haqqı İsrailin oğlu Yusifin nəslinə verildi və Ruvenin nəsli şəcərədə ilk oğul kimi sayılmadı.
2Ancaq Yəhuda qardaşları arasında daha güclü oldu və hökmdar onun nəslindən çıxdı. İlk oğulluq haqqı isə Yusifin idi.
3İsrailin ilk oğlu Ruvenin oğulları: Xanok, Pallu, Xesron və Karmi.
4Yoelin nəsli: onun oğlu Şemaya, onun oğlu Qoq, onun oğlu Şimey,
5onun oğlu Mikeya, onun oğlu Reaya, onun oğlu Baal,
6onun oğlu Beera. Onu Aşşur padşahı Tiqlat-Pileser sürgünə aparmışdı. Beera Ruvenlilərin başçısı idi.
7Nəsil şəcərələrinə görə onların qohumları bunlar idi: başçı Yeiel, Zəkəriyyə,
8Yoel oğlu Şema oğlu Azaz oğlu Bela. O, Aroerdə yaşayırdı, torpağı Nevoya və Baal-Meona qədər uzanırdı.
9Şərqə tərəf Fərat çayının bu tayındakı çölün başlanğıc yerinə qədər torpaqlar onun idi, çünki Gilead torpağında çoxlu heyvanları var idi.
10Şaulun dövründə bu adamlar Həcərlilərlə müharibə edib onları məğlub etdi və Gileadın şərqindəki bütün torpaqlarda Həcərlilərin çadırlarında yaşadı.
11Qadlılar Salkaya qədər uzanan Başan torpağında Ruvenlilərin qarşısında yaşadı.
12Başanda başçı Yoel, köməkçisi Şafam, sonra Yanay və Şafat idi.
13Öz nəsillərindən olan qohumları bunlardır: Mikael, Meşullam, Şeva, Yoray, Yakan, Ziya və Ever – cəmi yeddi nəfər.
14Bunlar Buz oğlu Yaxdo oğlu Yeşişay oğlu Mikael oğlu Gilead oğlu Yaroah oğlu Xuri oğlu Avixayilin oğulları idi.
15Quni oğlu Avdiel oğlu Axi onların nəsil başçısı idi.
16Onlar Gileadda, Başanda və onun qəsəbələrində, Şaronun sərhədlərinə qədər uzanan bütün otlaq torpaqlarında yaşadı.
17Yəhuda padşahı Yotamın və İsrail padşahı Yarovamın dövründə onların hamısı nəsil şəcərələrində qeyd olundu.
18Ruvenlilərdən, Qadlılardan, Menaşşe qəbiləsinin yarısından olan, qalxan və qılınc daşıyan, ox atan, döyüş üçün təlim görmüş və döyüşməyi bacaran igid adamlar qırx dörd min yeddi yüz altmış nəfər idi.
19Onlar Həcərlilərdən olan Yeturun, Nafişin və Nadavın nəsilləri ilə müharibə etdi.
20İsraillilər düşmənləri ilə döyüşdə kömək aldıqları üçün Həcərliləri və onlarla olanların hamısını məğlub etdilər, çünki İsraillilər döyüş zamanı Allahı çağırdılar və Ona güvəndikləri üçün Allah onları eşitdi.
21Onlar düşmənlərinin heyvanlarını – əlli min dəvəsini, iki yüz əlli min qoyun-keçisini, iki min eşşəyini ələ keçirdi və yüz min adamını götürüb apardı.
22Həlak olanlar çox oldu, çünki bu döyüş Allahdan idi. Onlar sürgün olunan zamana qədər Həcərlilərin yerlərində yaşadı.
23Menaşşe qəbiləsinin yarısının nəsilləri də həmin torpaqda yaşadı. Onlar çoxalıb Başandan Baal-Xermona, Senirə və Xermon dağına qədər uzanan torpağa yayıldılar.
24Onların nəsil başçıları bunlardır: Efer, İşi, Eliel, Azriel, Yeremya, Hodavya və Yaxdiel. Bunlar igid döyüşçülər, adlı-sanlı adamlar və nəsil başçıları idi.
25Amma onlar atalarının Allahına qarşı xainlik etdilər və onların önündə Allahın məhv etdiyi ölkə xalqlarının allahlarına sitayiş edib xəyanət etdilər.
26Onda İsrailin Allahı Aşşur padşahı Pulda, yəni Tiqlat-Pileserdə niyyət oyandırdı, o da Ruvenliləri, Qadlıları və Menaşşe qəbiləsinin yarısını əsir aparıb Xalaha, Xavora, Haraya və Qozan çayının sahilində yerləşdirdi. Onlar bu günə qədər də oradadır.