Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Birinci Salnamələr

Birinci Salnamələr 16

Help us?
Click on verse(s) to share them!
1Allahın sandığını gətirib onun üçün Davudun qurduğu çadırın ortasına qoydular. Allahın önündə yandırma və ünsiyyət qurbanları təqdim etdilər.
2Davud yandırma və ünsiyyət qurbanlarını təqdim edib qurtarandan sonra Rəbbin adı ilə xalqa xeyir-dua verdi.
3O bütün İsraillilərə – kişilərin və qadınların hər birinə bir kömbə çörək, bir parça ət və bir üzüm lavaşanası payladı.
4Davud İsrailin Allahı Rəbbi çağırıb Ona şükür və həmd etmək üçün Levililərdən xidmət edən bu adamları Rəbbin sandığının önünə qoydu.
5Başçı Asəf, onun köməkçisi Zəkəriyyə, çəng və lira çalan Yeiel, Şemiramot, Yexiel, Mattitya, Eliav, Benaya, Oved-Edom və Yeiel, sincləri yüksək səslə çalan Asəf,
6Allahın Əhd sandığı önündə həmişə kərənaylar çalan kahinlər Benaya və Yaxaziel.
7O gün Davud ilk dəfə olaraq Rəbbə şükür etmək işini Asəflə yoldaşlarına tapşırdı.
8«Rəbbə şükür edin, ismini çağırın, Əməllərini xalqlar arasında elan edin!
9Onu ilahilərlə tərənnüm edin, Bütün xariqələrini bəyan edin!
10Onun müqəddəs adı ilə fəxr edin, Ey Rəbbi axtaranlar, ürəkləriniz qoy sevinsin!
11Rəbbi, Onun qüvvətini arayın, Daim hüzurunu axtarın.
12Etdiyi xariqələri, Möcüzələri, dilindən çıxan hökmləri xatırlayın,
13Ey Onun qulu İsrail nəsli, Ey Yaqub övladları, ey Onun seçdikləri!
14Allahımız Rəbb Odur, Hökmü bütün yer üzərindədir.
15Əbədi olaraq – min nəslə qədər əhdini, Əmr etdiyi sözü,
16İbrahimlə kəsdiyi əhdini, İshaqa and içərək verdiyi vədini unutmaz.
17Bunu qayda kimi Yaqub üçün təsdiq etdi, Bu əbədi əhdi İsrail üçün etdi,
18Dedi: “Övladlarının payına düşən mülk kimi Kənan torpağını sənə verəcəyəm”.

19O zaman sayca onlar az idilər, Azsaylı olaraq ölkədə qərib idilər.
20Ölkədən-ölkəyə, Məmləkətdən-məmləkətə köçürdülər.
21Rəbb heç kimi onlara əzab verməyə qoymadı, Onlara görə padşahları tənbeh etdi.
22Dedi: “Məsh elədiklərimə dəyməyin, Peyğəmbərlərimə pislik etməyin”.
23Ey bütün dünya, Rəbbə ilahi oxuyun, Xilaskar olduğunu gündən-günə müjdələyin.
24Ehtişamını millətlərə elan edin, Xariqələrini bütün xalqlara bəyan edin!
25Axı Rəbb əzəmətlidir, bol həmdə layiqdir, O bütün allahlardan daha zəhmlidir.
26Bütün özgə xalqların allahları bütlərdir, Lakin göyləri yaradan Rəbdir.
27Ehtişam və əzəmət hüzurunda olar, Sevinclə qüdrət Onun yerindədir.
28Ey xalqların tayfaları, Rəbbə verin – Ehtişamı, qüdrəti Rəbbə verin,
29Adına layiq ehtişamı Rəbbə verin, Hüzuruna girib təqdimlər verin. Müqəddəslik zinəti ilə Rəbbə səcdə edin.
30Ey bütün dünya, Onun hüzurunda lərzəyə gəlin! O, dünyanı sarsılmaz və möhkəm qurub.
31Göylər sevinsin, yer üzü şad olsun! Millətlərə belə elan edin: “Rəbb hökmranlıq edir”.
32Dənizin və dənizdəki canlıların səsi ucalsın, Çöllər və çöldə yaşayanlar fərəhlənsin,
33Meşədəki bütün ağaclar mədh söyləsin Rəbbin hüzurunda! O, dünyanın hökmünü vermək üçün gəlir.
34Rəbbə şükür edin, ona görə ki yaxşıdır, Çünki məhəbbəti əbədidir.
35Deyin: “Ey qurtarıcımız Allah, bizi qurtar, Bizi millətlərin arasından topla və azad et. Müqəddəs isminə şükür edək, Biz fəxrlə Sənə həmd söyləyək”.
36Alqış olsun İsrailin Allahı Rəbbə Əzəldən sonsuza qədər!» Bütün xalq «Amin!» söylədi və Rəbbə həmd etdi.

37Davud orada – Rəbbin Əhd sandığının önündə bu adamları qoydu: hər günün işinə görə sandığın önündə daim xidmət edən Asəf və onun yoldaşları,
38Oved-Edom və onun altmış səkkiz nəfər yoldaşı, qapıçılar Yedutun oğlu Oved-Edom və Xosa.
39O, Giveonda olan səcdəgahda, Rəbbin məskəni önündə, kahin Sadoqu və onun kahin yoldaşlarını qoydu ki,
40Rəbbin İsrailə əmr etdiyi Qanunda yazılanların hamısına görə daim səhər və axşam Rəbbə yandırma qurbanları üçün düzəldilən qurbangahda Ona yandırma qurbanları versinlər.
41Onlarla birgə Hemanı, Yedutunu və adları çəkilən başqa seçilmiş adamları təyin etdi ki, Rəbbə şükür etsinlər, çünki Onun məhəbbəti əbədidir.
42Heman, Yedutun və həmin adamların əlində Allaha yüksək səslə musiqi çalmaq üçün kərənaylar, sinclər və başqa alətlər var idi. Yedutunun oğulları isə qapıçı oldular.
43Bütün xalq – hər kəs evinə getdi, Davud da öz evinə xeyir-dua vermək üçün geri qayıtdı.