Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yeşua

Yeşua 3

Help us?
Click on verse(s) to share them!
1Yeşua səhər erkən qalxdı. Onunla birgə bütün İsrail övladları Şittimdən irəliləyərək İordan çayına qədər gəldilər. Onlar çayı keçməzdən əvvəl orada qaldılar.
2Üçüncü günün sonunda məmurlar ordugahı gəzdilər.
3Xalqa əmr edib dedilər: «Allahınız Rəbbin Əhd sandığını Levililərdən olan kahinlərin daşıdığını görəndə siz də yerinizdən irəliləyərək onun ardınca gedin.
4Ancaq sizinlə onun arasında iki min qulaca qədər məsafə olmalıdır. Ona yaxınlaşmayın ki, hansı yolla gedəcəyinizi biləsiniz, çünki siz əvvəllər heç vaxt bu yoldan keçməmisiniz».
5Yeşua xalqa dedi: «Özünüzü təqdis edin, çünki sabah Rəbb aranızda möcüzələr göstərəcək».
6Kahinlərə isə Yeşua belə dedi: «Əhd sandığını götürün və xalqın önündə gedin». Onlar da Əhd sandığını götürüb xalqın önündə getdilər.
7Rəbb Yeşuaya dedi: «Bu gün Mən səni bütün İsraillilərin gözündə ucaltmağa başlayacağam ki, onlar Musa ilə olduğum kimi səninlə də olduğumu bilsinlər.
8Sən isə Əhd sandığını daşıyan kahinlərə əmr edib deyəcəksən: “Siz İordan çayının kənarına çatanda İordan çayına girib dayanın”».
9Yeşua İsrail övladlarına dedi: «Buraya yaxınlaşın və Allahınız Rəbbin sözlərini eşidin».
10Yeşua dedi: «Var olan Allahın aranızda olmasını buradan biləcəksiniz ki, O sizin önünüzdən hökmən Kənanlıları, Xetliləri, Xivliləri, Perizliləri, Qirqaşlıları, Emorluları və Yevusluları qovacaq.
11Budur, bütün yer üzünün Sahibinin Əhd sandığı sizin önünüzdən keçib İordan çayına girəcək.
12İndi isə özünüzə hər qəbilədən bir adam olmaqla İsrail qəbilələrindən on iki adam götürün.
13Bütün yer üzünün Sahibi Rəbbin sandığını daşıyan kahinlərin ayaqları İordan çayının sularına dəyən kimi çayın suları kəsiləcək, yuxarıdan axan sular yığın halında dayanacaq».
14Xalq çadırlarından çıxıb İordan çayını keçmək üçün irəliləyirdi və Əhd sandığını daşıyan kahinlər xalqın önündə gedirdilər.
15Biçin ərzində İordan çayının suları daşıb sahilləri basırdı. Sandığı daşıyan kahinlər İordana girəndə və onların ayaqları çayın sularına dəyəndə
16yuxarıdan axan sular çox uzaqda Sartan yanında olan Adam şəhərində yığın halında dayanıb qalxdı. Arava dənizinə, yəni Duz dənizinə axan sular tamamilə kəsildi. Xalq çayı Yerixonun qarşısından keçdi.
17Rəbbin Əhd sandığını daşıyan kahinlər isə İordan çayının ortasında quru yerdə möhkəm durmuşdular. Bütün İsraillilər İordan çayını tamamilə keçənə qədər quru yerdə gedirdilər.