Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yeşua

Yeşua 6

Help us?
Click on verse(s) to share them!
1İsrail övladlarının qorxusundan Yerixonu bərk-bərk bağlamışdılar. Oraya girib-çıxan yox idi.
2Rəbb Yeşuaya dedi: «Bax Yerixonu, onların padşahını, igid adamlarını sənə təslim edirəm.
3Siz – bütün döyüşçülər şəhərin ətrafına bir dəfə dolanın; altı gün belə edin.
4Sandığın qarşısında yeddi kahin qoç buynuzundan olan yeddi şeypur daşısın. Yeddinci gün şəhəri yeddi dəfə dolanın və kahinlər şeypurları çalsınlar.
5Onlar qoç buynuzundan olan şeypuru uzun-uzadı çaldıqları və siz şeypurun səsini eşitdiyiniz vaxt bütün xalq gur səslə bağırsın. Onda şəhərin qala divarları yerə çökəcək və xalqın hər biri dayandığı yerdən şəhərə qalxsın».
6Nun oğlu Yeşua kahinləri çağırıb onlara dedi: «Əhd sandığını götürün, Rəbbin sandığı qarşısında yeddi kahin qoç buynuzundan olan yeddi şeypur daşısın».
7Xalqa isə dedi: «Gedin şəhəri dolanın, silahlı adamlar isə Rəbbin sandığı önündə getsinlər».
8Yeşuanın xalqa dediyi kimi Rəbbin önündə qoç buynuzundan olan yeddi şeypuru daşıyan yeddi kahin keçib şeypurları çaldı. Rəbbin Əhd sandığı da onların ardınca aparıldı.
9Silahlı adamlar şeypurları çalan kahinlərin qarşısında gedirdilər, kahinlər şeypurları çala-çala gedərkən arxada olan dəstə sandığın ardınca gedirdi.
10Yeşua xalqa əmr edib dedi: «Sizə “çığırın” deyəcəyim günə qədər çığırmayın, səsinizi eşitdirməyin və ağzınızdan bir söz çıxartmayın, ancaq mən deyən vaxt çığırın».
11Xalq Rəbbin sandığını bir dəfə şəhərin ətrafına dolandırdı. Sonra ordugaha gəldilər və orada gecələdilər.
12Yeşua səhər erkən qalxdı. Kahinlər də Rəbbin sandığını götürdülər.
13Qoç buynuzundan olan yeddi şeypuru daşıyan yeddi kahin Rəbbin sandığı önündə gedirdi və şeypurları çalırdı. Silahlı adamlar onların qarşısında gedirdi. Kahinlər şeypurları çala-çala gedir, arxa dəstə Rəbbin sandığının ardınca gedirdi.
14Onlar ikinci gün də şəhəri bir dəfə dolandılar və ordugaha qayıtdılar; altı gün belə etdilər.
15Yeddinci gün tezdən dan yeri söküləndə qalxıb şəhəri yeddi dəfə bu qayda ilə dolandılar. Ancaq yeddinci gün şəhəri yeddi dəfə dolandılar.
16Yeddinci dəfə dolanan zaman kahinlər şeypurları çalanda Yeşua xalqa dedi: «Çığırın, çünki Rəbb şəhəri sizə verdi.
17Şəhər məhv edilməyə həsr olunmuşdur və onda olan hər şey Rəbbə təqdim olunmalıdır. Yalnız fahişə Raxav və onunla birgə evdə olanların hamısı sağ qalmalıdır, çünki o göndərdiyimiz elçiləri gizlətmişdi.
18Lakin siz məhv edilməyə həsr olunmuş şeylərdən çəkinin ki, heç nə götürməyəsiniz. Əgər bir şey götürsəniz, onda siz də məhv edilməyə həsr olunacaqsınız və bununla da İsrail ordugahını məhv edilməyə həsr etməklə bəlaya salarsınız.

19Ancaq bütün qızıl və gümüş, tunc və dəmir əşyalar Rəbbə məxsus olduğuna görə Rəbbin xəzinəsinə daxil olacaq».
20Xalq çığırdı və kahinlər şeypur çaldılar. Xalq şeypur səsini eşidəndə ucadan çığırdı. Onda qala divarları yerə çökdü və xalqın hər biri dayandığı yerdən irəliləyərək şəhəri aldı.
21Onlar kişini, qadını, cavanı, qocanı, mal-qaranı, qoyun-quzunu, eşşəyi və şəhərdə olanların hamısını qılıncdan keçirib tamamilə məhv etdilər.
22Yeşua ölkəni gözdən keçirən o iki nəfər casusa tapşırmışdı: «Fahişə qadının evinə girin, ona and içdiyiniz kimi qadını və onun yanındakıların hamısını evdən çıxarın».
23O zaman həmin casus cavanlar qadının evinə gəldi. Raxavı, atasını, anasını, qardaşlarını, onun yanında olan hər kəsi, bütün qohumlarını evdən çıxartdılar və onları İsrail ordugahından kənar yerdə qoydular.
24Şəhərə və orada olan hər şeyə od vurub yandırdılar. Yalnız qızıl-gümüşü, mis və dəmir əşyaları Rəbbin evinin xəzinəsinə qoydular.
25Ancaq Yeşua fahişə Raxavı, onun atasının külfətini və onun yanında olan hər kəsi sağ buraxdı. Qadın bu günə qədər də İsraillilərin arasında yaşayır, çünki Yerixonu gözdən keçirmək üçün Yeşuanın göndərdiyi elçiləri yanında gizlətmişdi.
26Yeşua o vaxt xalqa and verib xəbərdarlıq etdi: «Bu şəhəri – Yerixonu kim bərpa etsə, qoy Rəbbin önündə lənətə gəlsin. Bunu edən həmin şəxs onun bünövrəsini ilk oğlunun həyatı bahasına qoyacaq və kiçik oğlunun həyatı bahasına isə onun qapılarını yerinə vuracaq».
27Rəbb Yeşua ilə idi və onun şöhrəti bütün ölkəyə yayıldı.