1İordan çayının qərb tərəfində olan bütün Emorluların padşahları və dəniz kənarında yaşayan bütün Kənan padşahları biz İordan çayını keçərkən, Rəbbin İsrail övladlarının qarşısında suları necə qurutduğunu eşidərkən ürəkləri qorxuya düşdü. İsrail övladlarının vahiməsindən onlarda taqət qalmadı.
2O zaman Rəbb Yeşuaya dedi: «Özün üçün çaxmaq daşından bıçaqlar düzəlt və İsrail övladlarını ikinci dəfə sən sünnət et».
3Yeşua özü üçün çaxmaq daşından bıçaqlar düzəldib Giveat-Haaralotda İsrail övladlarını sünnət etdi.
4Yeşuanın sünnət etməsinin səbəbi budur: bütün döyüş qabiliyyəti olan kişilər Misirdən çıxandan sonra səhrada – yolda öldülər.
5Oradan çıxan xalqın hamısı sünnətli idi, ancaq Misirdən çıxandan sonra səhrada – yolda doğulanların heç biri sünnət olunmamışdı.
6Misirdən çıxan döyüş qabiliyyəti olan adamların hamısı ölüb qurtarana qədər İsrail övladları qırx il səhrada dolaşdı, çünki onlar Rəbbin sözünə qulaq asmamışdı. Rəbb bizə vermək üçün atalarımıza and içdiyi süd və bal axan torpağı itaətsizlərə göstərməmək üçün də and içdi.
7Bunun əvəzinə Rəbb onların övladlarını yetişdirdi və Yeşua onları sünnət etdi. Çünki onlar sünnətsiz idilər və yolda onları heç kim sünnət etməmişdi.
8Bütün İsraillilərin sünnət olunması qurtardıqdan sonra onlar sağalana qədər ordugahda öz yerlərində qaldılar.
9Rəbb Yeşuaya dedi: «Misir rüsvayçılığını bu gün üzərinizdən atdım». Ona görə də bu günə qədər o yerin adına Qilqal deyilir.
10İsrail övladları Qilqalda ordugah qurdular. Ayın on dördü axşam vaxtı Yerixo düzənliklərində Pasxa bayramı keçirdilər.
11Pasxanın ertəsi günü – həmin o gün bu torpağın bəhrəsindən olan mayasız çörək və qovurğa yedilər.
12Onlar o torpağın bəhrəsindən yedikləri günün səhəri mannanın tökülməsi kəsildi. Artıq İsrail övladlarının mannası yox idi və o il Kənan torpağının məhsulları ilə dolandılar.
13Yeşua Yerixo yaxınlığında olanda başını qaldırıb baxdı və əlində sıyrılmış qılınc olan bir şəxsi qarşısında gördü. Yeşua onun yanına gəlib «Sən bizim tərəfdənsən, yoxsa düşmənlərimiz tərəfdən?» deyə soruşdu.
14O dedi: «Xeyr, mən Rəbbin ordusunun başçısıyam, indi gəlmişəm». Yeşua üzüstə yerə yıxıldı və ona səcdə edib dedi: «Ağamın quluna nə sözü var?»
15Rəbbin ordusunun başçısı Yeşuaya dedi: «Çarığını ayağından çıxart, çünki üstündə durduğun yer müqəddəsdir». Yeşua belə də etdi.