Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yeşua

Yeşua 18

Help us?
Click on verse(s) to share them!
1Bütün İsrail övladlarının icması Şiloya yığışıb orada Hüzur çadırını qurdu. Bu torpaq onların hökmranlığı altında idi.
2İsrail övladlarının yeddi qəbiləsi arasında isə irs olan torpaqlar hələ paylanmamışdı.
3Yeşua İsrail övladlarına dedi: «Atalarınızın Allahı Rəbbin sizə verdiyi torpağa mülk sahibi kimi girməyə nə vaxta qədər tərəddüd edəcəksiniz?
4Hər qəbilədən özünüzə üç adam seçin. Onları göndərəcəyəm ki, çıxıb ölkəni dolaşsınlar və alacaqları irs torpaqlara görə oranı təsvir edib mənim yanıma gəlsinlər.
5Onlar oranı yeddi hissəyə bölsünlər. Yəhuda cənubda olan öz torpağında qalsın, Yusifin nəsli də şimalda olan torpağında qalsın.
6Siz ölkəni yeddi hissə kimi təsvir edin və təsviri buraya mənə gətirin. Burada Allahımız Rəbbin hüzurunda sizin üçün püşk atacağam.
7Amma aranızda Levililərin payı yoxdur, çünki onların irsi Rəbbin kahinliyidir. Qad, Ruven qəbilələri və Menaşşe qəbiləsinin yarısı İordan çayının şərq tərəfində Rəbbin qulu Musanın onlara verdiyi irs olan torpaqlarını aldılar».
8Adamlar qalxıb gedəndə Yeşua onlara ölkəni təsvir edərək yazmağı əmr edib dedi: «Gedin, ölkəni gəzib oranı yazılı təsvir edərək yanıma qayıdın. Mən də burada, Şiloda, Rəbbin hüzurunda sizin üçün püşk atacağam».
9Adamlar gedib ölkəni dolaşdılar. Şəhərlərinə görə oranı yeddi hissəyə ayıraraq təsvirini kitaba yazıb Şilodakı ordugaha, Yeşuanın yanına qayıtdılar.
10Yeşua Şiloda Rəbbin hüzurunda onlar üçün püşk atdı və orada İsrail övladlarının paylarına görə torpağı payladı.
11İlk püşk nəsillərinə görə Binyamin övladları qəbiləsinə düşdü. Onlara düşən hissə Yəhuda övladları ilə Yusif övladlarının torpağı arasında idi.
12Şimal tərəfdən onların sərhədi İordan çayından başlayırdı. Sərhəd Yerixonun şimal tərəfindəki yamacına yüksəlirdi, sonra qərbə doğru dağlığa qalxırdı, sonu isə Bet-Aven çölündə qurtarırdı.
13Oradan cənuba doğru sərhəd Luza, yəni Bet-Elə və Luzun yamacına çatırdı. Sonra sərhəd Aşağı Bet-Xoronun cənubunda olan dağlıqdan Atrot-Addara enirdi.
14Sərhəd oradan uzanaraq qərb tərəfdən cənuba doğru, Bet-Xoronun qarşısında olan dağdan da cənuba doğru dönürdü. Onun sonu Yəhuda övladlarının şəhəri olan Qiryat-Baalda, yəni Qiryat-Yearimdə qurtarırdı; qərb sərhədi bu idi.
15Cənub sərhədi Qiryat-Yearimin ən son hissəsindən qərbə doğru Neftoah sularının mənbəyinə çatırdı.
16Ondan sonra sərhəd Refaim vadisinin şimalında Ben-Hinnom vadisinin qarşısındakı dağın ən son hissəsinə enirdi; buradan da cənuba doğru Hinnom vadisinə, Yevusun cənub yamacına enib En-Rogelə çatırdı,
17sonra sərhəd şimala doğru uzanaraq En-Şemeşə çıxırdı, Adummim yoxuşu qarşısında olan Gelilota çatırdı; oradan da Ruven oğlu Bohanın qayasına enirdi,
18sonra şimala doğru Aravanın qarşı tərəfinə keçib Aravaya enirdi.

19Sərhəd şimala doğru Bet-Xoqla yoxuşuna keçir, sərhədin sonu Duz dənizinin şimal körfəzində, İordan çayının cənubunda qurtarırdı. Bu, cənub sərhədi idi.
20Onun şərq tərəfdən sərhədi İordan çayı idi. Nəsillərinə görə Binyamin oğullarının irs torpaqlarının ərazisi bunlar idi.
21Nəsillərinə görə Binyamin övladları qəbiləsinin şəhərləri bunlar idi: Yerixo, Bet-Xoqla, Emeq-Qesis,
22Bet-Arava, Semarayim, Bet-El,
23Avvim, Para, Ofra,
24Kefar-Ammonay, Ofni, Geva, yəni kəndləri ilə birlikdə on iki şəhər;
25Giveon, Rama, Beerot,
26Mispe, Kefira, Mosa,
27Reqem, İrpeel, Tarala,
28Sela, Elef, Yevus, yəni Yerusəlim, Givea, Qiryat, yəni kəndləri ilə birlikdə on dörd şəhər. Nəsillərinə görə Binyamin övladlarının irs torpaqları bunlardır.