Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yeşua

Yeşua 23

Help us?
Click on verse(s) to share them!
1Rəbb İsraillilərə hər tərəfdən düşmənlərindən əmin-amanlıq verəndən sonra uzun müddət keçdi. Artıq Yeşua qocalıb yaşa dolmuşdu.
2O bütün İsraili, ağsaqqalları, başçıları, hakimləri və məmurları çağırdı və onlara dedi: «Mən qocalmışam, yaşım çoxdur.
3Allahınız Rəbbin sizin uğrunuzda bütün bu millətlərə nə etdiyini gördünüz, çünki Allahınız Rəbb Özü sizin üçün döyüşdü.
4Budur, İordan çayından qərb tərəfə Böyük dənizə qədər qırdığım bütün millətlərin torpaqları ilə birlikdə qalan bu millətlərin də torpaqlarını qəbilələriniz üçün irs olaraq payladım.
5Allahınız Rəbb Özü onları qarşınızdan silib atacaq və onları gözünüzün qarşısından qovacaq. Allahınız Rəbbin sizə söz verdiyi kimi onların torpağına sahib olacaqsınız.
6Musanın Qanun kitabında yazılan hər şeyi saxlayıb yerinə yetirmək üçün çox diqqətli olun ki, ondan nə sağa, nə də sola dönəsiniz.
7Sizinlə qalan bu millətlərə qarışmayın, allahlarının adını çəkməyin, onlara and içməyin, onlara qulluq etməyin, onlara səcdə qılmayın.
8Yalnız bu günə qədər etdiyiniz kimi Rəbbə etibar edin.
9Çünki Rəbb qarşınızdan böyük və qüvvətli millətləri qovdu, ona görə də bu günə qədər sizin qarşınızda heç kim dura bilmədi.
10Sizdən bir adam min adamı qova bildi, çünki Allahınız Rəbb sizə dediyi kimi sizin üçün Özü döyüşdü.
11Öz canınız xatirinə Allahınız Rəbbi sevməyə cəhd edin.
12Əgər geri dönsəniz, sizin aranızda yaşayan bu millətlərdən qalanlara bağlansanız, onlarla qohum olsanız, onlarla qaynayıb-qarışsanız,
13yaxşı bilin ki, Allahınız Rəbb bu millətləri gözünüz qarşısından bir daha qovmayacaq. Allahınız Rəbbin verdiyi bu nemətli torpaq üzərindən yox olana qədər onlar sizin üçün kəmənd, tələ, böyürlərinizə qamçı və gözlərinizə tikan olacaq.
14Budur, bu gün mən də hamı kimi dünyadan köçəcəyəm. Bütün qəlbinizlə və varlığınızla bilirsiniz ki, Allahınız Rəbbin haqqınızda dediyi bütün yaxşı şeylərdən heç biri boşa çıxmadı. Hamısı sizin üçün yerinə yetdi. Onun sözlərindən heç biri boşa çıxmadı.
15Allahınız Rəbbin sizə vəd etdiyi bütün nemətli şeylər necə yerinə yetdisə, verdiyi bu yaxşı torpaq üzərindən sizi həlak edənə qədər bütün pis şeyləri də Rəbb beləcə sizin başınıza gətirəcək.
16Əgər Allahınız Rəbbin sizə buyurduğu əhdi pozsanız, gedib başqa allahlara qulluq etsəniz, onlara səcdə qılsanız, Rəbbin qəzəbi sizə qarşı alovlanacaq və sizə verdiyi nemətli torpaq üzərindən tezliklə yox olacaqsınız».