Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yeşua

Yeşua 8

Help us?
Click on verse(s) to share them!
1Rəbb Yeşuaya dedi: «Qorxma və dəhşətə gəlmə, bütün döyüşçülərini öz yanına yığ və qalxıb Ay şəhərinə hücum et. Mən Ay şəhərinin padşahını, xalqını, şəhərini və torpağını sənə təslim edirəm.
2Yerixonun və oranın padşahının başına gətirdiyini Ay torpağının və onun padşahının başına gətir. Mallarını və heyvanlarını isə özünüz üçün qarət edin. Şəhərə qarşı arxa tərəfdən pusqu qurun».
3Yeşua ilə bütün döyüşçülər Ay şəhərinə getmək üçün qalxdılar. Yeşua otuz min igid adam seçib onları gecə ikən oraya göndərəndə belə əmr etdi:
4«Qulaq asın, şəhərə qarşı arxa tərəfdən pusquda durun, şəhərdən çox uzağa getməyin, hamınız hazır durun.
5Mən və yanımda olan bütün xalq şəhərə yaxınlaşacağıq. Əvvəlki kimi Ay şəhərinin sakinləri bizə qarşı çıxanda biz də onların qarşısından qaçacağıq.
6Biz onları şəhərdən ayırana qədər arxamızca aparacağıq, çünki “əvvəlki kimi qarşımızdan qaçırlar” deyəcəklər. Biz də onların qarşısından qaçacağıq.
7O vaxt siz pusqudan qalxıb şəhəri alın, çünki Allahınız Rəbb oranı sizə təslim edəcək.
8Şəhəri ələ keçirdiyiniz zaman şəhərə od vurun. Bunu Rəbbin sözünə görə edin. Sizə belə əmr edirəm».
9Beləliklə, Yeşua onları göndərdi. Onlar pusquda durdular və Bet-El ilə Ay şəhəri arasında, Ay şəhərinin qərb tərəfində gözlədilər. Yeşua gecəni camaatın arasında keçirdi.
10Yeşua səhər tezdən durdu, xalqı gözdən keçirdi, özü və xalqın ağsaqqalları xalqın qarşısında Ay şəhərinin üzərinə getdilər.
11Onunla birgə olan bütün döyüşçülər getdilər və yaxınlaşıb şəhərin qarşısına gəldilər, Ay şəhərinin şimal tərəfində toplandılar. Onlarla Ay şəhərinin arasında bir dərə var idi.
12Yeşua beş minə qədər adam götürdü, onları Bet-El ilə Ay şəhəri arasında, şəhərin qərb tərəfində pusquya qoydu.
13Şəhərin şimalında olan bütün ordu və şəhərin qərbində pusquda duranlar döyüş üçün yerləşdirildi. Yeşua o gecə dərənin ortasına getdi.
14Ay şəhərinin padşahı bunu gördükdə səhər tezdən şəhərin adamları ilə birgə tələsik qalxdı və bütün camaat düz vaxtında İsraillilərə qarşı Arava vadisinin önündə döyüşə çıxdı. Lakin padşah bilmirdi ki, şəhər arxasında ona qarşı pusqu qurulub.
15Yeşua ilə bütün İsraillilər özlərini onların qarşısında məğlub olmuş kimi göstərərək çölə tərəf qaçdılar.
16Onları təqib etmək üçün şəhərdə olan bütün camaat çağırıldı. Yeşuanı təqib edərək şəhərdən çıxdılar.
17Ay və Bet-El şəhərlərində bir nəfər də qalmadı ki, İsraillilərin ardınca getməsin. Onlar şəhəri açıq qoyaraq İsrailliləri təqib etdilər.
18Rəbb Yeşuaya dedi: «Əlindəki nizəni Ay şəhərinə tərəf uzat, çünki oranı sənə təslim edəcəyəm». Yeşua əlindəki nizəni Ay şəhərinə tərəf uzatdı.

19Yeşua əlini şəhərə tərəf uzadarkən pusquda duranlar cəld yerlərindən qalxdılar və şəhərə girib oranı aldılar. O anda bütün şəhərə od vurdular.
20Ay şəhərinin əhalisi arxaya dönüb baxanda gördü ki, şəhərdən göyə tüstü qalxır və onların o yan-bu yana qaçmağa da taqəti yox idi. Çölə tərəf qaçan İsraillilər də onları təqib edənlərə tərəf döndü.
21Yeşua ilə pusquda olan bütün İsraillilər şəhəri alındığını və şəhərdən tüstü qalxdığını görəndə dönüb Ay şəhərinin adamlarını qırdılar.
22O biri İsraillilər də şəhərdən onlara tərəf çıxdılar. Onda onlar iki tərəfdən gələn İsraillilərin arasında qaldılar. İsraillilər onlardan heç kimi sağ yaxud qaçmağa qoymadan qırdılar.
23Ay şəhərinin padşahını isə diri tutub Yeşuanın yanına gətirdilər.
24İsraillilər Ay şəhərinin əhalisinin hamısını öldürüb qurtarana qədər tarlada və onları təqib etdikləri çöldə qılıncdan keçirtdilər. Sonra bütün İsraillilər Ay şəhərinə qayıdıb orada qalanları da qılıncdan keçirtdilər.
25O gün qırılan kişi və qadınlardan hamısı – bütünlüklə Ay şəhərinin əhalisi on iki min nəfər idi.
26Bütün Ay şəhərinin əhalisini tamamilə qırıb qurtarana qədər Yeşua nizə uzadan əlini geri çəkmədi.
27Ancaq Rəbbin Yeşuaya buyurduğu sözə görə İsraillilər o şəhərin heyvanlarını və əmlakını talan edib özlərinə götürdülər.
28Yeşua Ay şəhərini yandırdı. Oranı əbədi qalan daş qalağına, yəni elə bir viranəyə çevirdi ki, bu günə qədər qalmaqdadır.
29O, Ay şəhərinin padşahını ağacdan asaraq axşama qədər saxladı. Gün batanda isə Yeşua əmr verdi və onun cəsədini ağacdan düşürtdülər, onu şəhər darvazasının girəcəyinə atdılar. Üstünə bu günə qədər qalan böyük bir daş qalağı yığdılar.
30O zaman Yeşua Eval dağında İsrailin Allahı Rəbbə bir qurbangah qurdu.
31O, Rəbbin qulu Musanın İsrail övladlarına əmr etdiyi və Musanın Qanun kitabında yazıldığı kimi üstünə heç kimin dəmir vurmadığı, yonulmamış daşlardan bir qurbangah düzəltdi. Onun üstündə Rəbbə yandırma qurbanları və ünsiyyət qurbanları təqdim etdilər.
32Yeşua orada Musanın İsrail övladları qarşısında yazdığı Qanunun bir nüsxəsini daşlar üzərinə yazdı.
33Bütün İsraillilər, ağsaqqallar, məmurlar, hakimlər, qəriblər də daxil olmaqla Rəbbin Əhd sandığının iki tərəfində sandığı daşıyan Levili kahinlərin qarşısında dayandılar. Xalqın yarısı Gerizim dağının, o biri yarısı isə Eval dağının qarşısında durdu. Çünki Rəbbin qulu Musa İsrail xalqına xeyir-dua vermək üçün əvvəllər bu cür dayanmağı buyurmuşdu.
34Ondan sonra Yeşua Qanunun bütün sözlərini – xeyir-dua və lənəti, yəni Qanun kitabında yazılanların hamısını oxudu.
35Bütün İsrail camaatının, qadınların, uşaqların və aralarında olan qəriblərin qarşısında Musanın bütün buyurduqlarından Yeşuanın oxumadığı bir söz belə, qalmadı.