1Amots oğlu Yeşayanın Yəhuda və Yerusəlim barəsində gördükləri:
2Axır zamanda Rəbbin evi olan dağ Dağların zirvəsində möhkəm duracaq, Təpələrdən yuxarı ucalacaq. Bütün millətlər ona sarı gələcək.
3Çox xalqlar gəlib deyəcək: «Gəlin Rəbbin dağına, Yaqubun Allahının evinə qalxaq, Qoy Rəbb bizə Öz yollarını öyrətsin, Biz Onun rizləri ilə gedək». Siondan Rəbbin təlimi, Yerusəlimdən Onun kəlamı yayılacaq.
4Millətlər arasında Rəbb hakim olacaq, Çox xalqlar haqqında qərar çıxaracaq. Onlar qılınclarından kotan, Nizələrindən isə dəryaz düzəldəcək. Millət millətə qarşı qılınc qaldırmayacaq, Artıq dava etməyi öyrənməyəcək.
5Ey Yaqub nəsli, gəlin Rəbbin nurunda gəzək.
6Ya Rəbb, xalqını – Yaqub nəslini atdın, Çünki onlar Şərqdən gələn mövhumatlara uymuşdular, Filiştlilər kimi falçılıq edirlər, Əcnəbilərin adət-ənənələrinə əməl edirlər.
7Ölkələri qızıl-gümüşlə dolu, Xəzinələrinin sonu yoxdur. Ölkələrində çoxlu atlar var, Döyüş arabaları külli miqdardadır.
8Ölkələri bütlərlə doludur, Əlləri ilə düzəltdikləri, Barmaqları ilə işlədikləri Bütlərin qarşısında səcdə qılırlar.
9Buna görə də hamı yerə səriləcək, Hər kəs diz üstə çökdürüləcək. Ya Rəbb, onları bağışlama!
10Rəbbin zəhmli üzündən, Ehtişamının əzəmətindən Qayalıqlara gedin, Yerin altında gizlənin.
11Adamların təkəbbürlü baxışları alçaldılacaq, İnsanların qüruru qırılacaq, O gün yalnız Rəbb yüksəldiləcək.
12Çünki o gün Ordular Rəbbi Bütün qürurluları, lovğaları, məğrurları alçaldacaq.
13Livanın bütün hündür və vüqarlı sidr ağaclarını məhv edəcək, Bütün Başan palıdlarını yox edəcək.
14Bütün ulu dağları, hündür təpələri,
15Bütün yüksək qüllələri, Qala divarlarını yerlə yeksan edəcək,
16Bütün Tarşiş gəmilərini, Bütün gözəl gəmiləri yox edəcək.
17Adamların təkəbbürü qırılacaq, İnsanların qüruru alçaldılacaq, O gün yalnız Rəbb ucaldılacaq.
18Bütlər tamamilə aradan götürüləcək.
19Rəbb yeri sarsıtmağa qalxanda Onun zəhmli üzündən, ehtişamının əzəmətindən Hər bir insan qayalıqdakı mağaralara, Yerin altındakı xəndəklərə qaçıb girəcək.
20O gün insanlar Səcdə etmək üçün düzəltdikləri Qızıl və gümüş bütlərini götürüb Köstəbək və yarasaların Qabağına atacaqlar ki,
21Rəbb yeri sarsıtmağa qalxarkən Onun zəhmli üzündən, ehtişamının əzəmətindən Qaçmaq üçün qayalıqdakı çatlaqlara, Uçurumlardakı yarıqlara girsinlər.
22Nəfəsi burunda olan insandan əl çəkin, Onun nə dəyəri var ki?