1Qalx, işıqlan, çünki nurun gəldi, Rəbbin izzəti üzərinə gəldi!
2Budur, dünyanı qaranlıq, ümmətləri zülmət bürüyəcək. Amma Rəbb üzərinə nur saçacaq, İzzəti səni əhatə edəcək.
3Millətlər sənin nuruna, Padşahlar üzərinə çökən aydınlığa doğru gələcək.
4Qaldır başını, bax ətrafına, Hamı yığılıb yanına gəlir! Oğulların uzaqdan gəlir, Qızların qucaqda gətirilir.
5O vaxt bunu görüb üzün nur saçacaq, Ürəyin sevincdən tez-tez çırpınacaq. Çünki uzaq ölkələrin var-dövləti sənə gətiriləcək, Millətlərin sərvəti sənə gələcək.
6Dəvə sürüləri, Midyan və Efa köşəkləri Torpaqlarını dolduracaq. Bütün Səba xalqı gəlib Qızıl və kündür gətirəcək, Rəbbə həmdlər söyləyəcək.
7Qedarın bütün qoyun sürüləri yanına yığılacaq, Nevayotun qoçları sənin əlinin altında olacaq, Qurbangahıma Mənə məqbul olan qurbanlar gətiriləcək. Şərəfli evimi daha da izzətləndirəcəyəm.
8Kimdir bunlar, bulud kimi, Yuvalarına yaxınlaşan göyərçin tək uçub gələnlər?
9Uzaq diyarlar Mənə ümid bağladıqlarına görə Tarşiş gəmiləri başda olmaqla Allahın Rəbbin şərəfinə, Səni ucaldan İsrailin Müqəddəsi üçün Sənin övladlarını qızıl-gümüşü ilə Uzaqdan gətirən gəmilərdir bunlar.
10Əcnəbilər divarlarını tikəcək, Padşahları sənə xidmət edəcək. Qəzəbimdə səni vurdumsa da, Lütfümlə sənə mərhəmət edəcəyəm.
11Darvazaların həmişə açıq qalacaq, Nə gecə, nə də gündüz qıfıllanmayacaq ki, Millətlərin sərvəti sənə təqdim olunsun, Padşahları yanına gətirilsin.
12Çünki sənə xidmət etmək istəməyən Millət ya padşahlıq məhv olacaq, Bəli, o millətlər tamamilə yox olacaq.
13Livanın şan-şöhrəti olan şam ağacı, çinar və sərv ağacları Müqəddəs məkanımdakı yeri gözəlləşdirmək üçün Birgə yanına gətiriləcək, Qədəm qoyduğum yeri şərəfləndirəcəyəm.
14Sənə zülm edənlərin övladları Gəlib önündə təzim edəcək. Sənə həqarətlə baxanların hamısı Ayaqlarına düşüb səcdə edəcək. Sənə Rəbbin şəhəri, İsrailin Müqəddəsinin Sionu deyəcəklər.
15Səni tərk edib nifrət etdilər, Yanından heç kim keçmirdi, İndi isə Mən səni əbədi fəxr, Nəsillər boyu sevinc edəcəyəm.
16Millətlər və padşahlar Bir ana kimi sənə süd verəcəklər. O vaxt biləcəksən ki, səni qurtaran Rəbb, Səni Satınalan, Yaqubun qüdrətli Allahı Mənəm.
17Sənə tunc əvəzinə qızıl, Dəmir yerinə gümüş, Ağac yerinə tunc, Daş əvəzinə dəmir gətirəcəyəm. Əmin-amanlığı başçın, Salehliyi hökmdarın təyin edəcəyəm.
18Ölkəndən zorakılıq, Sərhədlərindən viranəlik, Qırğın xəbəri gəlməyəcək. Divarlarını «Xilas», Darvazalarını «Həmd» adlandıracaqsan.
19Artıq gündüz günəş sənin işığın olmayacaq, Gecə ay sənə aydınlıq verməyəcək. Çünki Rəbb əbədi nurun, Allahın sənin şöhrətin olacaq.
20Günəşin batmayacaq, ayın gizlənməyəcək, Çünki Rəbb əbədi nurun olacaq, Sənin yaslı günlərin qurtaracaq.
21Bütün xalqın saleh olacaq, Torpağı əbədi mülk olaraq alacaq. Onlar əkdiyim fidandır, Şöhrətimi göstərmək üçün əlimin işidir.
22Ən kiçik ailədən böyük nəsil törəyəcək, Azsaylı nəsil qüdrətli millət olacaq. Mən Rəbb bunu öz vaxtında tez edəcəyəm.