1Amots oğlu Yeşayaya Babil haqqında görüntü ilə nazil olan xəbərdarlıq:
2Çılpaq dağın zirvəsinə bayraq sancın! Döyüşçüləri bərkdən səsləyin, Əl edin ki, onlar Əsilzadələr üçün ayrılan qapılardan içəri girsin.
3Mən seçdiklərimə əmr verdim, Qəzəbimi düşmənlərə tökmək üçün Cəsur cəngavərləri, Ucalığımla öyünən igidləri səslədim.
4Dağlardakı izdihamın gurultusunu eşidin, Bu, böyük bir xalqın səsinə bənzər. Bir yerə toplanan millətlərin, Padşahlıqların nidasını dinləyin! Ordular Rəbbi bir ordunu döyüşə çağırır!
5Onlar uzaq ölkədən, Üfüqlərin o biri tərəfindən gəlir. Ölkəni tamamilə yerlə yeksan etmək üçün Rəbb və Onun qəzəbinin silahı gəlir.
6Fəryad edin, çünki Rəbbin günü yaxınlaşır. O gün Külli-İxtiyarın etdiyi qırğın kimi gəlir!
7Buna görə hamının əlləri yanına düşəcək, Hər kəs qorxub ürəyini yeyəcək.
8Hər bir adamı dəhşət bürüyəcək, Dərd və iztirab içində boğulacaq, Doğan qadın kimi ağrı çəkəcək, Çaşqın-çaşqın bir-birinə baxacaq, Üzləri qızaracaq.
9Budur Rəbbin günü gəlir, Amansızlıqla, qeyzlə, qızğın qəzəblə gəlir ki, Yeri səhraya döndərsin, Oradakı günahkarları məhv etsin.
10Göydəki ulduzlar və bürclər işıq verməyəcək, Günəş doğarkən tutulacaq, Ay nurunu saçmayacaq.
11Rəbb deyir: «Pisliyə görə dünyanı, Günahlarına görə pis adamları cəzalandıracağam. Təkəbbürlülərin qürurunu qıracağam, Zalımların məğrurluğunu alçaldacağam.
12İnsan saf qızıldan da az olacaq, Adam Ofir qızılından da nadir halda tapılacaq.
13Buna görə də Mən Ordular Rəbbi, Qızğın qəzəb günündə Qeyzlə göyləri titrədəcəyəm, Yer üzü lərzəyə gələcək.
14Hər kəs qovulan ceyrana, çobansız qoyunlara dönüb Öz xalqının yanına qayıdacaq, Öz vətəninə qaçacaq.
15Bütün tutulanların bədəni dəlik-deşik olacaq, Ələ keçənlərin hamısı qılıncdan keçiriləcək.
16Onların gözləri önündə körpələri parça-parça ediləcək, Evləri talan ediləcək, Arvadlarının namusuna toxunulacaq.
17Gümüşə qiymət verməyən, Qızılı sevməyən Midiyalıları Onlara qarşı qaldıracağam.
18Ox-kamanları gəncləri parça-parça edəcək, Körpələrə rəhm etməyəcəklər, Uşaqları əsirgəməyəcəklər.
19Mən Allah Sodomla Homorranı necə dağıtdımsa, Padşahlıqların ən gözəli olan, Xaldeylilərin calalı və qüruru olan Babili də elə yıxacağam.
20Orada bir daha heç kim yaşamayacaq, Nəsildən-nəslə kimsə məskunlaşmayacaq. Ərəblər çadırlarını qurmayacaq, Çobanlar sürülərini orada saxlamayacaq.
21Ora vəhşi heyvanların yaşadığı yer olacaq, Bayquşlar evlərdə qaynaşacaq, Orada dəvəquşular məskən salacaq, Təkələr oynaşacaq.
22Saraylarında goreşənlər çığıracaq, Gözəl imarətlərində çaqqallar gəzəcək. Babilin sonu yaxınlaşır, O günlər tez gəlib çatacaq».