1Ey millətlər, yaxın gəlin, eşidin, Ey ümmətlər, dinləyin! Ey dünya və sakinləri, Yer üzü və onun bütün yetirmələri, qulaq asın!
2Çünki Rəbb bütün millətlərə qarşı qəzəbləndi, Onların ordularına qarşı qeyzə gəldi. Onların hamısını məhv edəcək, Ölümə məhkum edəcək.
3Ölüləri kənara atılacaq, Meyitlərindən üfunət qalxacaq, Dağlar onların qanına bulanacaq.
4Bütün göy cisimləri çürüyəcək, Göylər bir tumar kimi büküləcək. Göy ulduzları meynə yarpağı kimi, Əncir yarpağı kimi düşəcək, saralıb-solacaq.
5Rəbb deyir: «Çünki qılıncım göylərdə doyub, Bax Edomun üzərinə, Məhv etməyə qərar verdiyim xalqın üzərinə enir».
6Rəbbin qılıncı qanla, quzu və təkə qanı ilə doydu, Qoç böyrəklərinin yağı ilə piy bağladı. Çünki Rəbb Bosrada qurban, Edomda isə böyük qırğın hazırlayıb.
7Onlarla birlikdə çöl öküzləri, Buzovlar, güclü buğalar yerə səriləcək. Onların ölkəsi qanla dolacaq, torpaqları piylə münbit olacaq.
8Çünki Rəbbin qisas günü var, Siona edilən zülmlərin intiqam ili var.
9Edomun axar suları qatrana, Torpağı kükürdə dönəcək, Ölkənin hər tərəfi yanan qatrana çevriləcək;
10Gecə-gündüz sönməyəcək, tüstüsü həmişə qalxacaq, Nəsildən-nəslədək viran qalacaq, Əsrlər boyu oradan heç kəs keçməyəcək.
11Orada ancaq bayquşlarla kirpilər yurd salacaq, Böyük bayquşlarla qarğalar orada yaşayacaq. Rəbb oranı qarmaqarışıqlıq ipi, viranəlik şaqulu ilə ölçəcək.
12Orada heç bir adlı-sanlı adam qalmayacaq ki, Onu padşah elan etsinlər. Bütün başçıların sonu gələcək.
13Saraylarında tikanlar, Qalalarında gicitkən və böyürtkən bitəcək. Ora çaqqalların yurdu, dəvəquşuların yuvası olacaq.
14Vəhşi heyvanlarla goreşənlər orada görüşəcək, Təkələr bir-birini səsləyəcək, Gecə heyvanları da orada məskunlaşıb rahat yer tapacaq.
15Orada bayquş yuva quracaq, yumurtlayacaq, Öz kölgəsi altında balalar çıxaracaq. Çalağanlar da orada cüt-cüt yığışacaq.
16Rəbbin kitabını araşdırın, oxuyun, Bunlardan heç biri əskik olmayacaq, Hər bir dişi heyvan öz cütünü tapacaq, Çünki bu əmr Onun ağzından çıxdı, Ruhu da onları toplayacaq.
17Rəbb Özü onlar üçün püşk atdı, Əli ilə ölkəni ölçüb, onlara payladı. Onlar bu ölkəyə əbədi malik olacaq, Nəsildən-nəslə burada yaşayacaq.