Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yeşaya

Yeşaya 18

Help us?
Click on verse(s) to share them!
1Kuş çaylarının o tərəfində yerləşən, Qanad vızıltıları eşidilən ölkənin vay halına!
2Dəniz yolu ilə, qamış qayıqları ilə Bu ölkə elçilər göndərir! Ey sürətli qasidlər, yola düşün! Çaylarla bölünmüş ölkəyə, Ucaboylu, parlaq dərili millətin, Hər yanda qorxu doğuran xalqın, Güclü və işğalçı millətin yanına gedin!
3Ey bütün yer üzündə yaşayanlar! Ey dünya sakinləri! Dağların zirvəsinə bayraq dikələndə baxın! Şeypur çalınanda eşidin!
4Çünki Rəbb mənə belə deyir: «Günəş şüalarından yaranan qızmarlıq kimi, Biçin vaxtının istisində şeh buludu kimi Sakitcə məskənimdən baxacağam».
5Çiçəklənmə qurtarıb məhsul yığımından əvvəl Üzümlər qora bağlayanda O, bağ qayçıları ilə pöhrələri kəsəcək, Şaxələnmiş budaqları qırıb atacaq.
6Hamısı dağın yırtıcı quşlarına, Yerin vəhşi heyvanlarının qarşısına atılacaq. Yayda yırtıcı quşlara, Qışda bütün vəhşi heyvanlara yem olacaq.
7O vaxt çaylarla bölünmüş ölkə Ucaboylu, parlaq dərili xalq, Hər yanda qorxu doğuran xalq Güclü və işğalçı millət Ordular Rəbbinə, Ordular Rəbbinin adını qoyduğu yerə – Sion dağına xərac gətirəcək.