1O gün Yəhuda diyarında belə ilahi oxunacaq: «Qüvvətli şəhərimiz var, Allahın qurtuluşu şəhər üçün divarlar, səngərlər kimidir.
2Açın şəhərin darvazalarını, Qoy sadiq qalan saleh millət içəri girsin.
3Ağlı Sənə yönəlmiş adamlara Sən kamil sülh verirsən, Çünki onlar Sənə güvənir.
4Rəbbə həmişə güvənin, Çünki Rəbb Allah əbədi Qayadır.
5O, yuxarıdan gedənləri alçaldar, Onların yaşadığı şəhəri dağıdar, Yerlə yeksan edər.
6O şəhər məzlumların ayaqları, Yoxsulların addımları altında tapdalanacaq.
7Saleh adamın yolu düzdür. Ey Düz Olan, saleh adamın yolunu Sən düz edirsən.
8Həqiqətən, ya Rəbb, Sənin hökmlərinin yolunda biz Sənə ümid bağlayırıq, Sənin adın, ismin ürəyimizin istəyidir.
9Qəlbim gecələr Sənin üçün həsrət çəkər, Bəli, ruhum daxilimdə Səni arayar. Hökmlərin yer üzündə həyata keçdikcə Dünyanın sakinləri doğruluğu öyrənir.
10Pis adama rəhm etsələr də, O, doğruluğu öyrənməz, Doğruluq hökm sürən ölkədə də haqsızlıq edər, Rəbbin əzəmətini görməz.
11Ya Rəbb, əlini qaldırdın, Amma pis adamlar bunu görmür. Öz xalqın üçün göstərdiyin qeyrəti görüb utansınlar. Bəli, düşmənlərin üçün yağdırdığın od onları məhv edəcək.
12Ya Rəbb, bizə sülh verən Sənsən, Bütün işlərimizi Sən bizim üçün tənzimləyirsən.
13Ey Allahımız Rəbb, Səndən savayı başqa ağalar üzərimizdə hökm sürürdü, Lakin biz yalnız Sənin adını tanıyırıq.
14O ağalar öldü, artıq yaşamır, Onlar kölgə kimidir, dirilməyəcək, Çünki Sən onları cəzalandırıb məhv etdin, Onlar haqqında hər bir xatirəni yox etdin.
15Lakin Sən bu milləti çoxaltdın, ya Rəbb! Bəli, milləti çoxaltdın, Özünü izzətləndirdin. Hər tərəfə ölkənin sərhədlərini genişləndirdin».
16Ya Rəbb, onlar bəlaya düşəndə Səni axtardı. Sənin cəzan üzərlərində olanda Sənə dua edib yalvardı.
17Hamilə qadın doğuş vaxtı gələndə Ağrı çəkib qovrularaq necə qışqırırsa, Biz də Sənin qarşında elə idik, ya Rəbb!
18Biz də sanki hamilə idik, ağrı çəkirdik, Lakin küləkdən başqa bir şey doğmadıq. Nə dünyaya qurtuluş gətirə bildik, Nə də dünya sakinlərini həyata qovuşdurduq.
19Sənin ölənlərin həyata qovuşacaq, meyitimlə birgə diriləcəklər. Ey torpaq altında yatanlar, oyanın, Sevinc nəğməsini oxuyun, Çünki şeh torpağı necə təravətləndirirsə, Rəbb də torpaqdakı ölüləri belə dirçəldəcək.
20Ey xalqım, keç içəri otaqlara, Qapıları ört, Rəbbin qeyzi keçənəcən Qısa bir müddətə gizlən!
21Çünki budur, Rəbb yer üzünün sakinlərini Qəbahətləri üzündən cəzalandırmaq üçün Öz məskənindən gəlir. Torpaq udduğu qanı üzə çıxaracaq, Öldürülənləri artıq gizlətməyəcək.