1Rəbb məsh etdiyi adama – Sağ əlindən tutduğu Kirə belə deyir. Onun önündə millətləri baş əydirəcəyəm, Padşahları qüdrətindən məhrum edəcəyəm, Önündə qapıları açacağam, Darvazalar onun qarşısında bir daha bağlanmayacaq. Rəbb deyir:
2«Mən qarşında gedib dağları düzəngaha çevirəcəyəm, Tunc qapıları qırıb Dəmir qıfılları sındıracağam.
3Qaranlıqda gizlənmiş sərvətlərini, Gizli yerlərdə saxlanılan xəzinələri sənə verəcəyəm ki, biləsən: Səni adınla çağıran Rəbb Mənəm, İsrailin Allahıyam Mən.
4Qulum Yaqub nəsli, seçdiyim İsrail naminə Səni adınla çağırıb hörmət göstərdim, Halbuki sən Məni tanımırdın.
5Rəbb Mənəm, başqası yoxdur, Məndən başqa Allah yoxdur. Səni Mən gücləndirəcəyəm, Halbuki Məni tanımırdın.
6Beləliklə, gündoğandan günbatana qədər qoy bilsinlər ki, Məndən savayı heç kim yoxdur, Rəbb Mənəm, başqası yoxdur.
7Nuru, qaranlığı, sülhü, fəlakəti yaradan Mənəm, Bütün bunları edən Rəbb Mənəm.
8Ey göylər, yuxarıdan damlayın, Qoy buludlar salehlik yağdırsın, Torpaq açılsın, xilas bəhrəsini yetişdirsin, Onunla birlikdə salehlik bitsin. Bunları yaradan Rəbb Mənəm».
9Yaradanı ilə çəkişənin vay halına! Çəkişən özü də saxsı qablar arasında yalnız saxsı parçasıdır. Gil öz dulusçusuna «Nə düzəldirsən?» Yaxud «yaratdığın şeyin dəstəkləri yoxdur» deyə bilərmi?
10Atasına «Dünyaya məni nə üçün gətirdin?» Anasına «Məni nə üçün doğdun?» deyənin vay halına!
11İsrailin Müqəddəsi, Onu yaradan Rəbb belə deyir: «Övladlarımın gələcəyi haqqında Mənə sual verə bilərsinizmi? Gördüklərim işlər barəsində Mənə əmr edə bilərsinizmi?
12Dünyanı da, yer üzündə yaşayan adamı da Mən yaratdım. Mənim əllərim göyləri yaydı, Əmrimlə səma cisimləri quruldu.
13Mən Kiri ədalətlə hərəkət etməyə vadar etdim. Yollarını dürüst edəcəyəm. O, şəhərimi tikəcək, Sürgün olunmuş adamlarımı Fidyəsiz, bəxşişsiz azad edəcək». Bunu Ordular Rəbbi deyir.
14Rəbb belə deyir: «Misirlilərin var-dövləti, Kuşun ticarət gəliri, Ucaboylu Sevalılar yanınıza gəlib qulunuz olacaq. Onlar buxovlanacaq və ardınızca gedəcək, Qarşınızda yerə sərilib yalvaracaq: “Allah yalnız sizinlədir və başqa birisi yoxdur. Bundan savayı Allah yoxdur”».
15Həqiqətən, Sən Özünü gizlədən Allahsan, Ey İsrailin Allahı, ey Qurtarıcı!
16Büt düzəldənlərin hamısı utandırılacaq, Rüsvay olacaq, xəcalət çəkib uzaqlaşacaq.
17Amma İsrailə qurtuluşu Rəbb verəcək. Bu qurtuluş əbədi sürəcək. Əsrlər boyu İsrail utanmayacaq, rüsvay olmayacaq.
18Göyləri yaradan Rəbb bircə olan Allahdır! O, dünyanı yaratdı, ona quruluş verdi, Rəbb dünyanı qarmaqarışıq yaratmadı, Onu yaşamaq üçün qurdu. O deyir: «Mən Rəbbəm, başqası yoxdur!
19Mən gizlində, qaranlıq dünyasında danışmadım, Yaqub nəslinə “Məni qarmaqarışıq yerdə axtarın” demədim. Doğrusunu söyləyən, ədaləti bəyan edən Rəbb Mənəm.
20Yığışın, gəlin, bir yerə toplaşın, ey millətlərdən sağ qalan kəslər! Taxta bütləri gəzdirənlər, Xilas verməyən allahlara dua edənlər heç nə bilmir.
21Danışın, işinizi təqdim edin, Qoy hamı birlikdə məsləhətləşib söyləsin: “Bunu qədimdə kim bəyan etdi, Keçmişdə kim bildirdi?” Bunu Mən Rəbb, demədimmi? Məndən başqa Allah, Ədalətli Allah və Qurtarıcı yoxdur. Məndən başqası yoxdur.
22Ey yer üzünün qurtaracağınadək hər yerdə yaşayanlar, Mənə tərəf dönün və xilas olun! Çünki Mən Allaham və başqası yoxdur!
23Varlığıma and içdim, Ağzımdan çıxan kəlmə doğrudur, boşa çıxmaz. Hər diz önümdə çökəcək, Hər dil Mənə and içəcək.
24Mənim üçün belə deyəcəklər: “Salehlik və qüvvət yalnız Rəbdədir. Ona qarşı qəzəblənənlər hüzuruna gəlib utanacaqlar.
25Bütün İsrail nəsli Rəbdə haqq qazanacaq və izzətlənəcək”».