Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yeşaya

Yeşaya 46

Help us?
Click on verse(s) to share them!
1«Bel allahı diz çökdü, Nevo allahı əyildi, Babilin bütləri heyvanlara, öküzlərə yükləndi, Daşınan əşyalar heyvanlara ağır yük oldu.
2Onlar birgə əyildilər, diz çökdülər, Yük oldular, bundan qurtula bilməyib əsirliyə aparıldılar.
3Qulaq asın Mənə, ey Yaqub nəsli, Ey bütün İsrail nəslinin sağ qalanları! Anadan olandan sizi aparıram, Bətndən çıxandan sizi daşıyıram.
4Siz qocalanacan Mən Oyam, Saçlarınıza dən düşənəcən Mən sizi aparacağam, Sizi Mən yaratdım, Mən daşıyacağam. Bəli, Mən sizi aparacağam və xilas edəcəyəm.
5Məni kimə bənzədəcəksiniz, kimə oxşadacaqsınız, Kiminlə müqayisə edəcəksiniz ki, biz oxşar olaq?
6Kimsə pul kisəsindən qızıl çıxarır, Tərəzidə gümüş çəkir, Bu puldan zərgərə büt düzəltdirir, Sonra önündə yerə sərilib səcdə edir!
7Onu çiyinlərinə yükləyib daşıyırlar, yerinə qoyurlar. Beləcə büt durur, yerindən tərpənmir. Ona yalvarırlar, o cavab vermir, Heç bir bəladan qurtarmır.
8Ey üsyankar insanlar, bunu xatırlayın, Mərd olun, yadınızdan çıxarmayın!
9Qədimdən bəri olan hadisələri xatırlayın, Çünki Allah Mənəm, başqası yoxdur, Mənəm Allah, Mənə bənzəri yoxdur!
10Axırı əvvəldən, Baş verməmiş hadisələri əzəldən bildirən, “Niyyətim baş tutacaq, İstədiyim hər şeyi edəcəyəm” deyən Mənəm.
11Şərqdən bir yırtıcı quşu, Uzaq diyardan niyyətimi yerinə yetirən adamı çağıran Mənəm. Mən bunları dedim, Mütləq yerinə yetirəcəyəm, Mən niyyət etmişəm, bunu icra edəcəyəm.
12Ey salehlikdən uzaq olan dikbaş insanlar! Məni dinləyin!
13Salehliyiniz yaxındır, uzaq deyil, Qurtuluşum ləngiməyəcək. Siona xilası, İsrailə izzətimi bəxş edəcəyəm.