Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yeşaya

Yeşaya 37

Help us?
Click on verse(s) to share them!
1Padşah Xizqiya bunu eşidəndə paltarını cırdı və çula bürünüb Rəbbin məbədinə girdi.
2O, saray rəisi Elyaqimi, mirzə Şevnanı və kahinlərin ağsaqqallarını çula bürünmüş halda peyğəmbər Amots oğlu Yeşayanın yanına göndərdi.
3Onlar Yeşayaya dedilər: «Xizqiya belə deyir: “Bu gün bəla, təhqir və rüsvayçılıq günüdür, çünki uşaqların doğulma vaxtı çatıb, ancaq doğmağa güc yoxdur.
4Bəlkə ağası Aşşur padşahının var olan Allahı təhqir etməyə göndərdiyi baş vəzirin sözlərini Allahın Rəbb eşidib buna görə məzəmmət edər. Ona görə də qalanlar üçün dua et”».
5Padşah Xizqiyanın adamları Yeşayanın yanına gələndə
6Yeşaya onlara dedi: «Ağanıza söyləyin ki, Rəbb belə deyir: “Aşşur padşahının nökərlərinin Mənə qarşı küfr edərək söylədiyi və sənin eşitdiyin sözlərdən qorxma.
7Mən onun daxilinə elə bir ruh göndərəcəyəm ki, bir xəbər eşidib öz ölkəsinə qayıdacaq və orada onu qılıncla öldürtdürəcəyəm”».
8Baş vəzir geri qayıdıb Aşşur padşahının Livna üzərinə hücum etdiyini gördü. Çünki Lakişdən geri çəkildiyini eşitmişdi.
9Aşşur padşahına «Kuş padşahı Tirhaqa sənin üstünə vuruşmağa gəlir» xəbəri çatdı. O bunu eşidəndə Xizqiyanın yanına qasidlər göndərib dedi:
10«Yəhuda padşahı Xizqiyaya belə söyləyin: “Qoy güvəndiyin Allahın ‹Yerusəlim Aşşur padşahına təslim edilməyəcək› deyə səni aldatmasın.
11Axı sən eşitdin ki, Aşşur padşahları bütün ölkələrə nə ediblər, oraları necə viran ediblər. Sən qurtula biləcəksənmi?
12Atalarımın məhv etdikləri millətlərin – Qozanın, Xaranın, Resefin və Telassarda olan Edenlilərin allahları onları qurtardılarmı?
13Hanı Xamat padşahı, Arpad padşahı, Sefarvayim şəhərinin, Henanın və Avvanın padşahı?”»
14Xizqiya məktubu qasidlərdən alıb oxudu. O, Rəbbin məbədinə qalxıb məktubu Rəbbin önündə yerə sərdi.
15Xizqiya Rəbbə dua edib dedi:
16«Ey keruvlar üstündə əyləşən Ordular Rəbbi olan İsrailin Allahı! Bütün dünya padşahlıqlarının Allahı yalnız Sənsən. Göyü və yeri Sən yaratmısan.
17Ya Rəbb, qulağın eşitsin, gözün görsün. Sanxerivin var olan Allaha qarşı küfr edərək göndərdiyi bütün sözlərə qulaq as.
18Ya Rəbb, doğrudur, Aşşur padşahları bütün ölkələri və onların torpaqlarını talan etdi,

19allahlarını oda atıb məhv etdi. Çünki onlar Allah deyildi, insanlar onları ağac və daşdan düzəltmişdi.
20Ey Allahımız Rəbb, indi isə yalvarıram, bizi onun əlindən qurtar və bütün dünya padşahlıqları bilsin ki, Rəbb yalnız Sənsən!»
21Amots oğlu Yeşaya Xizqiyaya xəbər göndərib dedi: «İsrail Allahı Rəbb belə deyir: “Aşşur padşahı Sanxeriv barədə Mənə dua etdin”.
22Onun haqqında Rəbbin söylədiyi söz budur: “Bakirə Sion qızı Sənə xor baxıb lağ edir, Yerusəlim qızı Sənin arxanca başını bulayır.
23Kimi söyüb küfr etdin? Kimə qarşı səsini qaldırdın? Kimə lovğalıqla baxdın? İsrailin Müqəddəsinə!
24Nökərlərinin vasitəsilə Rəbbi təhqir edib dedin: ‹Çoxlu döyüş arabalarımla Dağların zirvəsinə, Livanın ən uca yerlərinə çıxdım. Uca sidr ağaclarını, Gözəl şam ağaclarını kəsdim, Uzaq təpələrinə, Yaşıl meşələrinə çıxdım.
25Quyu qazdım və sularını içdim, Misirin bütün çaylarını ayağımla qurutdum›.
26Məgər eşitməmisən ki, Mən çoxdan bu işi hazırladım, Qədimdən bəri müəyyən etdiyimi İndi yerinə yetirirəm ki, Sən qalalı şəhərləri dağıdıb Viranəliyə çevirəsən.
27Bu şəhərlərin sakinləri zəiflədi, Çaşqınlığa və xəcalətə düşdü. Yetişməmişdən əvvəl yandırılan Çöl otu, göyərti və damda bitən ot kimi oldu.
28Sənin oturuşunu, Girişini-çıxışını, Mənə qarşı hiddətini bilirəm.
29Mənə qarşı hiddətləndiyinə görə, Lovğalığın qulağıma çatdığına görə Halqamı burnuna və yüyənimi ağzına taxacağam, Səni gəldiyin yolla geri qaytaracağam.
30Ancaq sənin üçün əlamət budur, ey Xizqiya! Bu il və gələn il özü yetişən barını, Üçüncü il isə taxıl zəmilərini, Üzüm bağları salıb onların bəhrəsini yeyin.
31Yəhuda nəslindən qurtulub sağ qalanlar Yenə aşağıya doğru kök atacaq, Yuxarıya doğru bəhrə verəcək.
32Çünki qalanlar Yerusəlimdən, Xilas olanlar Sion dağından çıxacaq. Ordular Rəbbinin qeyrəti bunu edəcək”.
33Buna görə Aşşur padşahı barədə Rəbb belə deyir: “O bu şəhərə girməyəcək, Oraya ox atmayacaq, Qarşısına qalxanla çıxmayacaq, Qala önündə torpaq qalağı qurmayacaq.
34Ancaq gəldiyi yolla geri qayıdacaq, Bu şəhərə girməyəcək” Rəbb bəyan edir.
35“Mən bu şəhəri Özüm üçün, Qulum Davudun xatirinə qoruyub xilas edəcəyəm”».
36O gecə Rəbbin mələyi çıxıb Aşşur ordugahında yüz səksən beş min nəfəri qırdı. Səhər erkən qalxıb gördülər ki, onların hamısı öldürülüb.

37Aşşur padşahı Sanxeriv geri çəkilib getdi və Ninevada qaldı.
38O öz allahı Nisrokun məbədində səcdə edərkən oğulları Adrammelek ilə Şareser onu qılıncla öldürdü və Urartu ölkəsinə qaçdı. Sanxerivin yerinə oğlu Esar-Xaddon padşah oldu.