Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yeşaya

Yeşaya 33

Help us?
Click on verse(s) to share them!
1Vay halına, ey yıxıb-dağıdan, Amma özü yıxılmayan insan! Vay halına, ey xain adam, Hərçənd sənə qarşı xəyanət etməmişlər! Sən məhv edib qurtaran zaman Özün də yıxılacaqsan, Sən xain əməllərindən dönəndə Xəyanətlə rastlaşacaqsan.
2Ya Rəbb, bizə qarşı lütfkar ol, Çünki Sənə ümid etmişik. Hər səhər bizim qüvvətimiz ol, Fəlakət günündə bizi qurtar.
3Sənin qüdrətli səsindən xalqlar qaçır, Sən ayağa qalxarkən Millətlər pərən-pərən olur.
4Çəyirtkələr tarlanı nə cür talan edirlərsə, Ey millətlər, qənimətiniz də o cür talan olacaq. Malınızın üstünə çəyirtkə yığını kimi cumacaqlar.
5Rəbb ucadır, yüksəklərdə oturur, Sionu ədalətlə və salehliklə doldurur.
6O, yaşadığınız dövrün təməlidir, Qurtuluşun, hikmətin, biliyin mənbəyidir, Rəbb qorxusu sənin xəzinəndir.
7Budur, millətlərin igidləri küçələrdə çığırırlar. Sülh qasidləri hönkürüb ağlayırlar.
8Yollar boşalıb, səyyahlar yoxdur. Düşmən əhdi pozdu, Şəhərləri dağıtdı, adamları alçaltdı.
9Ölkə yas tutur, zəifləyir, Livan məğlub olub, solub, Şaron səhraya dönür, Başan və Karmelin ağacları yarpaqlarını tökür.
10Rəbb deyir: «İndi qalxacağam, İndi yüksələcəyəm, İndi ucalacağam.
11Samana hamilə qalıb küləş doğacaqsınız, Nəfəsiniz sizi məhv edən alova dönəcək.
12Xalqlar yanıb kül olacaq, Kəsilib odda yandırılan tikanlı kollara oxşayacaq.
13Ey uzaqda yaşayanlar, Nə elədiyimi eşidin, Ey yaxında yaşayanlar, Mənim gücümü bilin».
14Siondakı günahkarlar dəhşətə, Allahsızlar lərzəyə gəldi: «Hər şeyi məhv edən alovun yanında hansımız yaşaya bilərik? Əbədi yanan atəşin yanında hansımız dayana bilərik?»
15Amma salehlik yolu ilə gedən, Doğru sözlər danışan, Zorakılıqla əldə edilən qazancı rədd edən, Əlini rüşvətdən uzaq tutan, Qatillərin qurduğu qəsdə fikir verməyən, Pisliyə qarşı gözlərini yuman
16Yüksəkliklərdə yaşayacaq, Təpələrin başındakı qalalar onun dayağı olacaq. O, çörəklə, su ilə təmin olunacaq.
17Gözlərin padşahı bütün gözəlliyi ilə görəcək, Ucsuz-bucaqsız ölkəni seyr edəcək.
18«Haradadır xərac yığan? Haradadır qeydiyyat aparan? Haradadır qüllələrə nəzər salan?» deyərək Dəhşətli günlər haqqında düşünəcəksən.

19Anlaşılmaz, yad dildə danışan Təkəbbürlü xalqı daha görməyəcəksən.
20Bayramlar keçirdiyimiz şəhərə – Siona bax! Gözlərin Yerusəlimi, Sarsılmaz çadırı, sülh məskənini görəcək. Onun payaları heç vaxt sökülməyəcək, Kəndirlərinin heç biri qırılmayacaq.
21Lakin orada – Geniş çayların, irmaqların olduğu yerdə Əzəmətli Rəbb bizimlə olacaq. Oradan avarlı qayıqlar, böyük gəmilər Keçə bilməz.
22Çünki Rəbdir hakim olan, Rəbdir qanunumuzu qoyan, Padşahımız Rəbdir, Odur bizi qurtaran.
23Gəmilərinin ipləri boşaldı, Dor ağacları yerində möhkəm dayanmadı, Yelkənləri açılmadı. O vaxt böyük talan malı paylanacaq, Hətta topal adamlar da talan edəcək.
24Heç bir Sion sakini «Xəstəyəm» deməyəcək, Orada yaşayan xalqın günahları bağışlanacaq.