Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yeşaya

Yeşaya 41

Help us?
Click on verse(s) to share them!
1Rəbb deyir: «Susun qarşımda, ey uzaq diyarlar! Qoy ümmətlər yeni güc alsın, Qoy yaxınlaşıb danışsınlar, Məhkəmə üçün birgə toplaşaq.
2Ədalətli adamı şərqdən kim ayağa qaldırdı? Kim ona xidmət etməyi əmr etdi? Millətləri onun ixtiyarına kim verdi? Padşahları kim məğlub etdi? O öz qılıncı ilə Onları torpağın tozuna çevirir, Yayı ilə göyə sovrulan samana döndərir.
3O onları təqib edir, Ayaqlarını basmadığı yoldan sağ-salamat keçir.
4Bunları kim etdi, tamamladı? Əzəldən bəri nəsilləri çağıran kimdir? Mən Rəbbəm, birinciyəm və sonuncularla da Mən Oyam».
5Uzaq diyarlar bunu görüb qorxdu, Dünyanın ucqar yerləri lərzəyə gəldi. Onlar yaxınlaşıb gəldilər,
6Hər kəs qonşusuna kömək edir, Qardaşına «Cəsur ol!» deyir.
7Usta zərgəri ürəkləndirir, Hamarlayan zindana çəkiclə vuranı ruhlandırır, «Lehim yaxşı oldu» deyir. Büt yerindən laxlamasın deyə bütün mıxları bərkidirlər.
8Lakin sən ey qulum İsrail, Seçdiyim Yaqub nəsli, Dostum İbrahimin övladları!
9Səni dünyanın ucqar yerlərindən topladım, Ən uzaq yerlərdən səslədim: «Sən qulumsan, səni seçdim, rədd etmədim» dedim.
10Qorxma, çünki Mən səninləyəm, Dəhşətə gəlmə, çünki Allahın Mənəm. Səni qüvvətləndirəcəyəm, Sənə kömək edəcəyəm. Sadiq sağ əlimlə sənə dayaq olacağam.
11Sənə qarşı hirslənənlər hamısı xəcalət çəkib biabır olacaq, Sənə qarşı çıxanlar heçə çıxıb tələf olacaq.
12Səninlə düşmənçilik edənləri axtaracaqsan, Amma tapa bilməyəcəksən, Səninlə vuruşanlar heç olacaq,
13Çünki sənin sağ əlindən tutub «Qorxma, sənə kömək edəcəyəm» deyən Allahın Rəbb Mənəm.
14«Ey torpaq qurdu olan Yaqub nəsli, Ey İsrail əhli, qorxma! Sənə kömək edəcəyəm» Rəbb bəyan edir. Səni Satınalan İsrailin Müqəddəsidir.
15Budur, səni təzə, dişləri iti vəl edəcəyəm. Sən dağları döyüb əzəcəksən, Təpələri saman çöpü kimi sovuracaqsan.
16Sən onları sovurduqda külək aparacaq, Qasırğa onları dağıdacaq, Sənsə Rəbdə sevinəcəksən, İsrailin Müqəddəsi ilə öyünəcəksən.
17Məzlumlar və fəqirlər Su axtarıb tapmayanda Dilləri susuzluqdan quruyur. Mən Rəbb onlara cavab verəcəyəm. Mən İsrailin Allahı onları tərk etməyəcəyəm.
18Çılpaq təpələrdən çaylar, Vadilərdə su mənbələri açacağam. Səhranı gölməçəyə, quraq torpağı bulaqlara çevirəcəyəm.

19Səhrada sidr, əbrişim, mərsin və zeytun əkəcəyəm. Quru torpaqda şam, çinar və sərv ağacını bir sırada salacağam.
20Beləcə insanlar görüb bilsin, Birgə fikirləşib başa düşsün: Bunu edən Rəbbin əlidir, Bunu yaradan İsrailin Müqəddəsidir.
21Rəbb deyir: «İşinizi təqdim edin, Sübutlarınızı göstərin», Bunu Yaqubun Padşahı söyləyir.
22Bütlərinizi gətirin və qoy onlar sonra nə olacağını bizə bildirsin, Olub-keçənləri bizə nəql etsin, Biz dərindən düşünüb sonunu öyrənək. Yaxud onlar gələcəyi bizə agah etsin.
23Ey bütlər, bundan sonra baş verən hadisələrdən bizə danışın, Qoy sizin allah olduğunuzu bilək! Yaxşılıq ya pislik edin ki, hamımız qorxub vahiməyə düşək.
24Amma siz heç nəsiniz, əməlləriniz də heçdir. Sizə səcdə etməyi seçən iyrəncdir!
25Şimaldan bir nəfəri hərəkətə gətirdim, o gəlir. O, gündoğandan adımı çağıracaq. Dulusçu gili tapdalayan kimi O, hökmdarları palçıq kimi tapdalayacaq.
26Kim bunu başlanğıcdan bəyan etdi ki, biz bilək, Əvvəlcədən kim bildirdi ki, Biz «O haqlıdır» deyə bilək? Amma bunu bəyan edən yox idi, Bildirən yox idi, Sözlərinizi eşidən də yox idi.
27İlk olaraq Siona «budur, budur onlar» deyirəm. Yerusəlimə müjdəçini göndərəcəyəm.
28Baxdım, aralarında öyüd-nəsihət verə bilən heç kim yox idi ki, Onlardan soruşum, bir cavab alım.
29Budur, hamısı puçdur, Etdikləri işlər də heç bir şeydir, İnsanların tökmə bütləri yalnız küləkdir, fanidir.