1Budur, Mənim saxladığım, seçdiyim qulum! Könlüm ondan razıdır! Mən Öz Ruhumu onun üzərinə qoymuşam. O, millətlərə ədalət gətirəcək.
2Çığırmayacaq, səsini qaldırmayacaq, Küçələrdə heç kim onun səsini eşitməyəcək.
3Əzilmiş qamışı qırmayacaq, Tüstülənən piltəni söndürməyəcək. O, ədaləti sədaqətlə yayacaq.
4O, yer üzündə ədaləti quranadək Ümidini, cəsarətini itirməyəcək, Uzaq diyarlar onun qanununa etibar edəcək.
5Göyləri yaradıb onları sərən, Yeri və onun üzərindəkiləri düzəldən, Dünyadakı adamlara nəfəs verən, Yer üzündə gəzən insanlara ruh verən Rəbb Allah belə deyir:
6«Mən Rəbb salehliyimlə səni çağırdım, Səni əlindən tutacağam, Səni qoruyacağam, Səni xalqım üçün əhd edəcəyəm, Millətlərə nur edəcəyəm ki,
7Korların gözlərini açasan, Zindandan dustaqları, Zülmətdə, həbsxanada oturanları azad edəsən.
8Mən Rəbbəm, adım budur. Öz izzətimi heç kimə vermərəm, Həmdlərimi bütlərə bəxş etmərəm.
9Budur, əvvəlki işlər həyata keçdi, İndi Mən təzə işləri bəyan edirəm, Onlar yetişməmişdən əvvəl Sizi xəbərdar edirəm».
10Ey dəniz səyyahları, dənizdəki canlılar, Uzaq diyarlar və orada yaşayanlar, Rəbbə yeni ilahi oxuyun! Dünyanın ən ucqar yerlərindən Ona həmdlər gətirin!
11Qoy səhra və oradakı şəhərlər, Qedar xalqı yaşayan kəndlər səsini ucaltsın, Sela sakinləri tərənnüm nəğməsi söyləsin, Dağların zirvəsindən qışqırsın.
12Hamı Rəbbi izzətləndirsin, Uzaq diyarlar da Ona həmd etsin.
13Rəbb cəsur igid kimi çıxacaq, Cəngavər kimi qeyrətə gələcək, Çığırıb döyüş nərəsi çəkəcək, Düşmənlərinə Öz qüdrətini göstərəcək.
14Rəbb deyir: «Xeyli vaxtdır ki, dinmirəm, Susuram, səbir edirəm, İndi isə doğuş ağrısı çəkən qadın kimi Qışqıracağam, təngnəfəs olub zarıyacağam.
15Dağları, təpələri dağıdacağam, Bütün yaşıllıqlarını qurudacağam, Çayları adalara çevirəcəyəm, hovuzları qurudacağam.
16Korları tanımadıqları yolla aparacağam, Onlara bilmədikləri yollarda rəhbər olacağam. Qaranlığı qarşılarında işığa, Kələ-kötür yolları düzənliyə çevirəcəyəm. Bu şeyləri onlar üçün edəcəyəm, Onları tərk etməyəcəyəm.
17Oyma bütlərə güvənənlər, Tökmə bütlərə “Sizsiniz allahlarımız” deyənlər Geri qaytarılıb utandırılacaq.
18Ey karlar, eşidin! Ey korlar, baxın, görün!
19Qulum qədər kor olan varmı? Göndərdiyim qasid qədər kar olan varmı? Özünü Mənə həsr edən, Rəbbin qulu qədər kor olan varmı?
20Siz çox şey gördünüz, amma nəzərə almadınız, Qulaqlarınız açıq idi, amma eşitmədiniz!»
21Rəbb Öz salehliyi naminə Qanununu ucaldıb izzətləndirməkdən xoşlandı.
22Lakin bu qarət olunmuş, soyulmuş xalqdır. Hamısı qazamatlarda buxovlanıb zindanlarda saxlanılmışdır. Onlar ovlanıb və qurtaranları yoxdur. Onları qarət edirlər, «geri qaytarın» deyən yoxdur.
23Sizdən kim buna qulaq asacaq, Gələcəkdə kim diqqətlə dinləyəcək?
24Yaqub nəslini, İsraili soyğunçular əlinə Kim qarət edilmək üçün təslim etdi? Məgər qarşısında günah işlətdiyimiz Rəbb deyilmi? Onlar Onun yolları ilə getmək istəmədi, Qanununa qulaq asmadı.
25Buna görə alovlu qəzəbini, döyüşün şiddətini üstlərinə yağdırdı. Od onları dövrəyə aldı, Amma onlar anlamadılar, Onları yandırdı, Amma ona ciddi fikir vermədilər.