1«Saleh adam ölür və bunu vecinə alan yoxdur. Mömin adamlar da köçüb gedir, Amma heç kim anlamır ki, Bəla gəlməmiş saleh adam canını qurtarır.
2Saleh adam sülhə qovuşur, Doğru yolla gedən son yatağında rahat yatır.
3Amma siz, ey cadugər qadının övladları, Fahişə və zinakarlar nəsli, bura, yaxın gəlin!
4Siz kimi məsxərəyə qoyursunuz? Kimə ağız əyirsiniz? Kimə dil göstərirsiniz? Məgər siz itaətsiz övladlar, Yalançı nəsil deyilsiniz?
5Palıd ağacları arasında, Hər kölgəli ağacın altında Şəhvətlə alışıb-yanan, Vadilərdə, qaya oyuqlarında, Övladlarınızı qurban gətirən Siz deyilmisiniz?
6Sizin payınız Vadinin hamar daşlarından düzələn bütlərdir. Onlardır, bəli, onlardır sizə nəsib olan. Onların qarşısında içmə təqdimi tökdünüz, Taxıl təqdimi gətirdiniz. Bunlara görə Mən təsəlli taparammı?
7Yatağınızı yüksək, uca dağda salmısınız, Qurbanlarınızı kəsmək üçün də oraya çıxırsınız.
8Qapılarınıza, qapıların yan taxtalarının arxasına İyrənc işarələr düzmüsünüz. Məni tərk edib yatağınızı geniş açdınız, Orada uzandınız, oynaşlarınızla sövdələşdiniz, Birlikdə yatmağa can atdınız, Onların çılpaqlığına tamaşa etdiniz!
9Ətirləri bol-bol vurandan sonra Molek allahına sarı getdiniz. Elçilərinizi uzaqlara göndərdiniz, Özünüzü ölülər diyarına qədər endirdiniz.
10Uzun yollar sizi taqətdən saldı. Lakin siz “daha bəsdir” demədiniz. Gücünüzü təzələyib qalxdınız, Buna görə yorulmadınız.
11Kim sizi qorxudub dəhşətə saldı ki, Məni aldatdınız? Məni yada salmadınız, Ürəyinizdə Mənə yer vermədiniz? Mən xeyli vaxt susduğuma görə, Siz Məndən qorxmursunuz?
12Mən sizin salehliyinizi, Etdiyiniz əməlləri aşkara çıxaracağam, Bunların sizə xeyri olmayacaq.
13Siz fəryad edəndə Bu yığdığınız bütlər Görək sizi nə cür qurtaracaq! Onların hamısını külək sovurub atacaq, Bir nəfəs onları yerindən tərpədib aparacaq. Lakin Mənə sığınan torpağı irs olaraq alacaq, Müqəddəs dağımı mülk edəcək».
14Rəbb deyir: «Tikin, tikin, yol hazırlayın! Xalqımın yolundakı əngəlləri götürün!»
15Uca və əzəmətli, Əbədi yaşayan, adı müqəddəs Olan Belə deyir: «Mən yüksək və müqəddəs yerdə yaşadığım halda Ruhu əzilənlərlə, özünü aşağı tutanlarla birlikdəyəm ki, Özünü aşağı tutanların ruhunu dirildim, Əzilmişlərin ürəyini dirçəldim.
16Həmişə çəkişib qəzəblənməyəcəyəm, Yoxsa yaratdığım canlı insan qarşımda dura bilməz.
17Tamahkarlıq günahına görə Qəzəblənib xalqı cəzalandırdım, Hiddətlənib üzümü ondan döndərdim. O da inad edib öz yolu ilə getdi.
18Əməllərini gördüm, Amma bu xalqa şəfa verəcəyəm. Ona rəhbərlik edəcəyəm, Ona və onun yas tutanlarına təsəlli verəcəyəm.
19Ağızları ilə həmdlər söyləyəcəyəm. Uzaqdakılara və yaxındakılara qoy sülh, sülh olsun». Rəbb belə deyir: «Mən onlara şəfa verəcəyəm».
20Pislər isə sanki dalğalanan dənizdir, Bu dəniz sakit dura bilməz, Onun suları palçıq və kir çıxarar.
21«Pislərə isə sülh yoxdur» deyir mənim Allahım.