Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yeşaya

Yeşaya 52

Help us?
Click on verse(s) to share them!
1Qalx, qalx, ey Sion, qüdrətinə qurşan! Ey müqəddəs şəhər, ey Yerusəlim, Gözəl paltarlarını geyin! Çünki sünnətsizlər, murdarlar Sənin darvazalarından əsla keçməyəcək.
2Üst-başındakı tozu çırp, Qalx, ey Yerusəlim, taxtına otur, Zənciri boynundan qır, Ey əsir aparılan Sion qızı!
3Rəbb belə deyir: «Siz müftə satılmışdınız, Müftə də satın alınacaqsınız».
4Xudavənd Rəbb belə deyir: «Xalqım qürbətdə yaşamaq üçün Əvvəllər Misirə enmişdi. Sonra Aşşurlular onlara boş yerə zülm etdi.
5Xalqım nahaq yerə götürülüb aparıldı, İndi bundan Mənə nə qaldı?» Rəbb bəyan edir. Bu, Rəbbin sözüdür: «Onların başçıları ah-zar edir, Həmişə, gün boyu adım küfrlə çəkilir.
6Buna görə xalqım Mənim adımı tanıyacaq, O gün “budur, Mənəm” deyənin Mən olduğunu başa düşəcək».
7Sülh xəbəri gətirən, Dağları aşıb-gələn Müjdəçinin qədəmləri necə də gözəldir! O, xoş müjdə gətirir, Qurtuluş xəbəri verir, Sion xalqına «Allahınız hökm sürür!» bəyan edir.
8Qulaq asın! Gözətçilər səslərini ucaldır, Birlikdə mədh oxuyur, Çünki Rəbbin Siona qayıdışını Öz gözləri ilə görür.
9Ey Yerusəlim xarabalıqları, Şənlik edin, birlikdə mədh oxuyun, Çünki Rəbb xalqına təsəlli verdi, Yerusəlimi satın aldı.
10Rəbb bütün millətlərin gözləri önündə Müqəddəs qolunu çırmaladı, Yer üzünün qurtaracağınadək hər yer Allahımızın gətirdiyi xilası görəcək.
11Çəkilin, çəkilin, oradan çıxın, Murdar şeylərə toxunmayın, Oradan çıxıb təmizlənin, Ey Rəbbin əşyalarını daşıyanlar!
12Axı siz tələsmədən çıxacaqsınız, Qaça-qaça getməyəcəksiniz, Çünki Rəbb qarşınızda gedəcək, İsrailin Allahı arxanızda olacaq.
13Budur, Mənim qulum uğur qazanacaq, O yüksəldiləcək, ucaldılacaq, çox izzətlənəcək.
14Çoxları onun qarşısında mat qalacaq. Bəli, onun görkəmi çox dəyişmişdi, Zahirən insan surətindən çıxmışdı.
15Lakin o, çox millətləri heyrətə salacaq, Onun qarşısında padşahlar ağzını yumacaq, Çünki onlar bilmədiklərini görəcək, Eşitmədiklərini anlayacaq.