Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yeşaya

Yeşaya 14

Help us?
Click on verse(s) to share them!
1Rəbb Yaqub nəslinə rəhm edəcək, İsrail xalqını yenə seçib torpaqlarına sakin edəcək, Yadellilər də Yaqub nəslinə qoşulacaq, onlarla birləşəcək.
2Xalqlar İsrail xalqını götürüb torpaqlarına aparacaq. Onda İsrail xalqı Rəbbin torpağında Onları özlərinə qul və kəniz edəcək; Onları əsir aparanları özləri əsir edəcək, Onlara zülm edənlərin üzərində hökm sürəcək.
3Rəbb səni ağrıdan, sıxıntıdan, Gördüyün ağır işdən qurtaranda
4Babil padşahına lağ edib belə deyəcəksən: «Zülmkarın sonu gör necə oldu! Zorakılığın axırı gör necə oldu!
5Rəbb pis adamların dəyənəyini, Hökmdarların əsasını qırdı.
6O əsa ki dayanmadan xalqları qəzəblə vurardı, Millətləri qeyzlə, amansızca əzərdi.
7İndi isə bütün dünya Sakitlik və rahatlıq içində sevincdən coşur.
8Livanın şam və sidr ağacları Sənin fəlakətinə sevinərək deyir: “Sənin ölümündən bəri heç kim bizi kəsməyə gəlmir”.
9Yerin altındakı ölülər diyarı sənə “xoş gəldin” deyib, Səni qarşılamağa can atır, ey Babil padşahı! Yer üzünün ölən bütün başçıları Sənin gəlişindən həyəcanlanır, Millətlərin bütün keçmiş padşahları Taxtlarından ayağa qalxır.
10Hamı səni çağırıb belə deyəcək: “Sən də bizim kimi zəif oldun, bizə bənzədin!”
11Cah-calalın, çənglərinin səsi Ölülər diyarına endirildi. Altını qurd, üstünü həşərat bürüdü.
12Ey parlaq ulduz, dan oğlu, Necə də göylərdən yerə düşdün! Ey millətləri tapdalayıb keçən, Necə də yerə yıxıldın!
13Sən ürəyində dedin: “Göylərə qalxacağam, Taxtımı Allahın ulduzları üzərində ucaldacağam, Şimaldakı yüksək yerdə, toplantı dağında oturacağam,
14Uca buludların üzərinə çıxacağam, Haqq-Taala kimi olacağam”.
15Ancaq ölülər diyarına, Ölüm çuxurunun dərinliyinə endiriləcəksən.
16Səni görənlər gözlərini zilləyib Sənin haqqında düşünüb belə deyəcək: “Dünyanı sarsıdan, padşahlıqları lərzəyə salan,
17Yer üzünü səhraya çevirən, Şəhərlərini yerlə yeksan edən, Dustaqları evlərinə buraxmayan adam bu deyilmi?”
18Bütün millətlərin padşahları, Hər biri öz əzəmətli sərdabəsində uyuyur.

19Lakin sən iyrənc budaq kimi Qəbrindən kənara, uzağa atıldın, Bir çuxurun dibinə tullanan, Bədənləri qılıncla deşilən meyitlərlə örtülmüsən, Ayaq altında qalan leş kimisən.
20Ölkəni dağıdıb xalqını öldürdüyünə görə Başqaları kimi dəfn olmayacaqsan. Pislik edənlərin nəsli bir daha xatırlanmayacaq.
21Atalarının günahına görə Övladları üçün qırğın hazırlayın ki, Onlar qalxıb dünyanı zəbt etməsinlər, Dünyanın üzərini şəhərləri ilə bürüməsinlər».
22«Babil xalqına qarşı qalxacağam» Bunu Ordular Rəbbi bəyan edir. «Babilin adını, sağ qalanlarını, oğullarını, Nəsillərini yox edəcəyəm» Rəbb bəyan edir.
23«Babili bayquş yuvasına, bataqlığa çevirəcəyəm, Qırğın süpürgəsi ilə süpürəcəyəm» Ordular Rəbbi bəyan edir.
24Ordular Rəbbi and içib belə deyir: «Mütləq düşündüyüm kimi olacaq, Niyyət etdiyim kimi gerçəkləşəcək.
25Ölkəmdə Aşşurluları məhv edəcəyəm, Dağlarımda onları tapdalayacağam. Xalqım Aşşurun boyunduruğundan, Çiyinlərindəki yükündən qurtulacaq.
26Bütün dünya üçün hazırladığım hökm budur, Bütün millətlərə qarşı uzanan əl budur.
27Ordular Rəbbinin hökmünü kim poza bilər? Uzanan əlini kim geri qaytara bilər?»
28Padşah Axazın öldüyü ildə görüntü ilə nazil olan xəbərdarlıq:
29«Ey bütün Filiştlilər, sevinməyin ki, sizi döyən dəyənək qırıldı, Çünki ilanın kökündən gürzə törəyəcək, Onun törəməsi də uçan ilan olacaq.
30Kasıbların ən kasıbı doyacaq, Fəqirlər rahat dincələcək. Amma sizin kökünüzü qıtlıqla kəsəcəyəm, Sağ qalanlarınız da öldürüləcək.
31Ey darvaza, fəryad et! Ey şəhər, ağla! Ey bütün Filiştlilər, başdan-başa əriyin! Çünki şimaldan tüstü gəlir, Düşmən əsgərləri nizamı pozmadan gəlir».
32O millətin elçilərinə nə cavab veriləcək? «Rəbb Sionun təməlini qoyub, Onun xalqının fəqirləri orada Sığınacaq tapacaq» deyiləcək.