Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yeşaya

Yeşaya 38

Help us?
Click on verse(s) to share them!
1O günlərdə Xizqiya ölümcül xəstələndi. Peyğəmbər Amots oğlu Yeşaya onun yanına gəlib dedi: «Rəbb belə deyir: “Evin üçün vəsiyyət et, çünki xəstəlikdən sağalmayıb öləcəksən”».
2Xizqiya üzünü divara çevirdi və Rəbbə dua edib dedi:
3«Yalvarıram, ya Rəbb, yadına sal ki, necə Sənin önündə salehliklə və sidq ürəklə davranmışam, necə Sənin gözündə yaxşı olan işlər etmişəm». Xizqiya acı-acı ağladı.
4Sonra Rəbbin sözü Yeşayaya nazil oldu:
5«Qayıt, Xizqiyaya söylə ki, baban Davudun Allahı Rəbb belə deyir: “Sənin duanı eşitdim, göz yaşlarını gördüm. Bax sənin ömrünü on beş il artırıram.
6Səni və bu şəhəri Aşşur padşahının əlindən qurtaracağam. Bu şəhəri qoruyacağam.
7Söylədiyi sözə əməl edəcəyinə Rəbbin verdiyi əlamət budur:
8batan günəşin Axazın tikdiyi günəş saatının üstünə düşən kölgəsi on dərəcə geri çəkiləcək”». Beləliklə, günəş enmə dərəcəsindən on dərəcə geri çəkildi.
9Yəhuda padşahı Xizqiya xəstələnib şəfa tapdığından sonra bunu yazdı:
10«Mən öz-özümə dedim: Ömrüm yarıya çatan zaman Ölülər diyarının qapısından keçməliyəm, Həyatımın qalan illərindən məhrum olmuşam.
11Dedim, Rəbbi dirilər arasında, Bəli, Rəbbi bir daha görməyəcəyəm. Bu dünyada yaşayanlar kimi Artıq insan üzü görməyəcəyəm.
12Evim çoban çadırı kimi dağıldı, Əlimdən alındı. Həyatım dəzgahda toxunan saplar kimi dövr edirdi, Ya Rəbb, bu dəzgahdan məni kəsdin. Bir günün içində əcəlimi çatdırdın.
13Səhərə qədər ağrılardan çığırdım, Rəbb aslan tək bütün sümüklərimi qırır. Bir günün içində əcəlimi çatdırdın.
14Qaranquş kimi, durna kimi çığırdım, Mən göyərçin tək inləyirəm. Göyə baxmaqdan gözlərim yoruldu. Ya Xudavənd, imdadıma çat, zülmə düşmüşəm!
15Nə deyim? Mənimlə danışan, bunu edən Rəbdir. Çəkdiyim əzablardan sonra qalan illərimi Sakit yaşayacağam.
16Ya Xudavənd, adamları yaşadan Sənsən, Məni də Sən yaşadırsan. Məni yenə canlandıracaqsan, Yaşat məni!
17Çəkdiyim əzab-əziyyətim mənim xeyrimə oldu. Sən sevginlə canımı qəbirdən qurtardın, Bütün günahlarımı aradan götürdün.
18Axı ölülər diyarı Sənə şükür etməz, Ölüm həmdlər söyləməz, Qəbirə düşənlər Sənin sədaqətinə ümid etməz.

19Bu gün Sənə etdiyim kimi Dirilər, yalnız dirilər Sənə şükür edər. Atalar Sənin sədaqətini övladlarına tanıtdırır.
20Rəbb mənə qurtuluş verdi, Ömrümüz boyu Rəbbin məbədində Səni simli alətlərlə, ilahilərlə mədh edərik».
21Əvvəl Yeşaya demişdi: «Əncir kündəsi götürün, çibanın üstünə qoyun ki, padşah sağalsın».
22Xizqiya dedi: «Rəbbin məbədinə qalxmağım üçün əlamət nədir?»