Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yeşaya

Yeşaya 19

Help us?
Click on verse(s) to share them!
1Misir barədə xəbərdarlıq: Budur, Rəbb sürətlə gedən buludun üstünə minib Misirə gəlir. Misir bütləri Onun qarşısında titrəyir, Misirlilərin ürəkləri qorxudan əriyir.
2Rəbb deyir: «Mən Misirliləri Misirlilərə qarşı qaldıracağam, Qardaş qardaşla, qonşu qonşu ilə, Şəhər şəhərlə, ölkə ölkə ilə vuruşacaq.
3Misirlilərin ruhu qırılacaq, niyyətlərini boşa çıxaracağam. Onlar bütlərdən, ölü ruhlarından, cindarlardan, Ruhçağıranlardan məsləhət istəyəcək.
4Misirliləri qəddar bir sahibə təslim edəcəyəm, Qüvvətli padşah üzərlərində hökm sürəcək». Sahibimiz, Ordular Rəbbi belə bəyan edir.
5Nilin suları azalacaq, Çay çəkilib quruyacaq.
6Çaylar iylənəcək, Misirin arxları boşalıb quruyacaq, Qamışlar və qarğılar çürüyəcək.
7Nil kənarında, çayın qırağındakı qarğılar, Nil boyunca əkilmiş zəmilər quruyacaq, sovrulub yox olacaq.
8Balıqçılar, Nilə tilov atanların hamısı ağlayaraq yas tutacaq, Nilə tilov atanların hamısı ağlayacaq, Suya tor salanlar kədərlənəcək.
9İncə kətan üzərində işləyənlər, Ağ bez toxuyanlar ümidlərini itirəcək.
10Misirin sütunları qırılacaq, Bütün muzdlu işçilər ruhdan düşəcək.
11Soan şəhərinin başçıları necə də axmaqdır! Fironun hikmətli vəzirləri ağılsız məsləhətlər verir. Onlar firona necə: «Mən müdriklərin, Qədim padşahların nəslindənəm!» deyə bilər?
12Ey firon, sənin hikmətli vəzirlərin indi haradadır? Qoy sənə bildirsinlər Ordular Rəbbi Misirə qarşı nə hazırlayıb.
13Soan başçıları axmaq oldu, Nof rəisləri aldandı, Misir qəbilələrinin başçıları Misiri yoldan azdırdı.
14Rəbb onların ağlını çaşdırdı. Necə ki sərxoş adam öz qusduğunun ətrafında səndələyirsə, Misir də öz əməllərində belə dolaşır.
15Misirdə heç kim heç bir iş görə bilməyəcək: Nə baş, nə quyruq və nə xurma budağı, nə də qamış.
16O gün Misirlilər qadına bənzəyəcək, Ordular Rəbbinin onlara qarşı qalxan əlinin önündə titrəyib dəhşətə gələcək.
17Yəhuda torpağı Misirliləri dəhşətə gətirəcək. Ordular Rəbbinin Misirə qarşı hazırladığı niyyətə görə Yəhudanın adını eşidən hər kəs vəlvələyə düşəcək.
18O gün Misirdə Kənan dilində danışan və Ordular Rəbbinin adına and içən beş şəhər olacaq. Onlardan biri Həlak şəhəri adlandırılacaq.

19O gün Misir ölkəsində Rəbbə qurbangah qurulacaq, sərhədində isə Ona sütun tikiləcək.
20Bu, Misir torpağında Ordular Rəbbinin əlaməti və şəhadəti olacaq. Onlar zülmkarlardan qurtulmaq üçün Rəbbə fəryad edəcək. O, Misirlilərə xilaskar və müdafiəçi göndərib onları qurtaracaq.
21Rəbb Özünü Misirlilərə tanıtdıracaq, onlar da o gün Rəbbi tanıyacaq. Misirlilər Rəbbə qurbanlar, təqdimlər gətirəcək, nəzir-niyaz edib yerinə yetirəcək.
22Rəbb Misirliləri vuracaq və sonra şəfa verəcək. Onlar Rəbbə tərəf dönəcək, yalvarışları qəbul olunacaq və Rəbb onlara şəfa verəcək.
23O gün Misirdən Aşşura böyük yol olacaq. Aşşurlu Misirə, Misirli Aşşura gedib-gələcək. Misirlilərlə Aşşurlular birlikdə Rəbbə səcdə edəcək.
24O gün İsrail Misir və Aşşurun yanında üçüncü ölkə olacaq. Dünya bunların sayəsində xeyir-dua alacaq.
25Ordular Rəbbi onlara xeyir-dua verib deyəcək: «Xalqım Misir, yaratdığım Aşşur, irsim İsrail bərəkətli olsun».