1Ey uzaq diyarlar, Məni dinləyin! Ey uzaqda yaşayan ümmətlər, yaxşı qulaq asın! Rəbb məni anadan olandan bəri çağırmışdı, Ana bətnindən adımı yadına saldı.
2Ağzımı iti qılınc kimi etdi, O məni əlinin kölgəsində gizlətdi. O məni iti ox edib Öz oxdanında saxladı.
3Mənə dedi: «Qulumsan, ey İsrail, Mən səninlə izzətlənəcəyəm».
4Amma mən dedim: «Mən boş yerə çalışdım, Gücümü hədər yerə tükətdim. Rəbb mənə yenə haqq qazandırır, Mükafatım Allahımdadır».
5Rəbb məni qulu etmək üçün Ana bətnində mənə quruluş verdi ki, Yaqub nəslini Ona tərəf döndərim, İsraili Onun önünə toplayım. Onun gözündə hörmət qazandım, Qüdrətim Allahım oldu. Rəbb indi belə deyir.
6O deyir: «Yaqub qəbilələrinin bərpası, İsrailin sağ qalanlarının geri qayıtması üçün Qulum olmağın kifayət deyil. Səni millətlərə nur edəcəyəm ki, Xilasım dünyanın ən uzaq yerlərinə yayılsın».
7Adamların nifrət etdiyi, Millətin həqarətlə baxdığı, Hökmdarların qulu olan şəxsə, İsrailin Satınalanı, Müqəddəsi, Rəbb belə deyir: «İsrailin Müqəddəsi, Sadiq Rəbb səni seçdiyinə görə Padşahlar səni görüb ayağa qalxacaq, Əmirlər qarşında yerə səriləcək».
8Rəbb belə deyir: «Münasib vaxtda sənə cavab verdim, Xilas günü sənə kömək etdim. Səni hifz edəcəyəm. Səni xalqım üçün əhd edəcəyəm ki, Dağılmış ölkəni bərpa edəsən, İrs olaraq yenə sahiblərinə verəsən.
9Dustaqlara “çıxın”, Zülmətdə oturanlara “Özünüzü göstərin!” deyəsən. Onlar yol boyunca quzu kimi bəslənəcək, Hər çılpaq təpədə otlaq tapacaq.
10Onlar nə ac, nə də susuz qalacaq, Qızmar isti və günəş onları vurmayacaq. Çünki onlara mərhəmət edən yol göstərəcək, Onları bulaqlara doğru yönəldəcək.
11Mən bütün dağlarımı yola döndərəcəyəm, Yollarımı hamar edəcəyəm.
12Budur, xalqım uzaq yerlərdən, Kimisi şimaldan, kimisi qərbdən, Kimisi isə Sinim ölkəsindən gələcək».
13Tərənnüm edin, ey göylər, Ey yer üzü, fərəhlən! Ey dağlar, sevinc nidalarına qoşulun! Çünki Rəbb xalqına təsəlli verəcək, İztirab çəkənlərinə rəhm edəcək.
14Amma Sion dedi: «Rəbb məni tərk etdi, Xudavəndim məni unutdu».
15Rəbb isə deyir: «Ana südəmər körpəsini heç unudarmı? Bətnindən çıxan oğluna rəhm etməzmi? Ana öz körpəsini unutsa belə, Mən səni əsla unutmaram.
16Mən sənin adını ovuclarımda həkk etmişəm, Ey Sion, divarların daima önümdədir.
17Oğulların tələsib yanına gələcək, Səni qarət edənlər, soyğunçular çıxıb-gedəcək.
18Qaldır başını, bax ətrafına: Hamı yığılıb yanına gəlir. Mən Rəbb Varlığıma and içib bəyan edirəm ki, Onların hamısı sənin üçün bər-bəzək olacaq, Gəlin kimi onları taxıb fəxr edəcəksən!
19Xarabalığa, viranəliyə dönmüşdün, Ölkən yerlə yeksan olmuşdu. Amma indi bu torpaq sakinlərin üçün dar olacaq, Səni xaraba qoyanlar səndən uzaqda duracaq.
20Sənin sürgündə doğulmuş övladların Səsini ucaldıb belə deyəcək: “Bu yer bizim üçün dar gəlir, Yaşamaq üçün bizə yer ver”.
21Sən qəlbində deyəcəksən: “Axı bunları mənim üçün kim doğdu? Övladlarım itkin düşmüşdü, sonsuz oldum, Sürgün edilmişdim, qovulmuşdum. Belə isə bunları kim böyütdü? Mən tək-tənha qalmışdım, Bəs bunlar haradan gəlib-çıxdı?”»
22Xudavənd Rəbb belə deyir: «Budur, Mən əlimi millətlərə Bir işarə kimi uzadacağam, Bayrağımı xalqlar arasında qaldıracağam. Onlar sənin oğullarını qucağında, Qızlarını çiyinlərində gətirəcək.
23Padşahlar sənə atalıq, Mələkələr sənə analıq edəcək. Üzüstə yerə sərilib sənə səcdə edəcəklər, Ayaqlarının tozunu yalayacaqlar. Onda biləcəksən ki, Mən Rəbbəm, Mənə güvənənlər utanmayacaq».
24Məgər güclünün əlindən qənimət alına bilərmi? Zorakının əlindən əsirlər qurtula bilərmi?
25Amma Rəbb belə deyir: «Bəli, güclünün əlindən əsirlər də alına bilər, Zorakının əlindən qənimət də götürülə bilər, Səninlə çəkişənlərlə Mən çəkişəcəyəm, Övladlarını Mən qurtaracağam.
26Sənə zülm edənlərə öz ətlərini yedirəcəyəm, Öz qanları ilə sərxoş olub Şirin şərab içənlərin halına düşəcəklər. Beləcə bütün bəşər biləcək ki, Səni qurtaran Rəbb Mənəm. Səni Satınalan, Yaqubun qüdrətli Allahı Mənəm».