1Kömək üçün Misirə enənlərin, Atlara güvənənlərin vay halına! Onlar döyüş arabalarının çoxluğuna, Süvarilərin gücünə bel bağlayır! Amma İsrailin Müqəddəsinə baxmırlar, Rəbbi axtarmırlar!
2Lakin Rəbb tam hikmətə malikdir, O bəla gətirər, Öz sözlərini geri götürməz, Pislik edən adamlara, Günahkarlara kömək edənlərə qarşı çıxar.
3Misirlilər Allah deyil, insandır, Atları da ətdəndir, ruhdan deyil. Rəbb Öz əlini uzadanda Yardım edən büdrəyəcək, Yardım alan yıxılacaq, Hamısı birlikdə məhv olacaq.
4Çünki Rəbb mənə belə dedi: «Şir ya gənc aslan öz şikarı üstünə nərə çəkəndə Bir dəstə çoban ona qarşı haray salsa da, Aslan onların səslərindən qorxmur, Qışqırıqlarına məhəl qoymur. Ordular Rəbbi də elə enəcək, Sion dağını, onun təpələrini Qorumaq üçün döyüşəcək.
5Quş qanad açıb necə balalarını qoruyursa, Ordular Rəbbi Yerusəlimi də belə qoruyacaq, Müdafiə edəcək, qurtaracaq, saxlayacaq, xilas edəcək».
6Ey İsrail övladları, üz döndərdiyiniz Rəbbə tərəf dönün!
7Çünki o gün hamınız əlinizlə günahkarcasına düzəltdiyiniz qızıl və gümüş bütlərinizi tullayacaqsınız.
8«Aşşurlular qılıncdan məhv olacaq, İnsan qılıncından yox. Onlar qılıncdan keçiriləcək, Amma bu insan qılıncı olmayacaq. Aşşurlular döyüş meydanından qaçacaq, Cavanları isə yaxalanıb qul olacaq.
9Aşşur padşahı dəhşət içində qaçacaq. Sərkərdələri bayraqlarını atıb vəlvələyə düşəcək». Bunu alovu Sionda, Ocağı Yerusəlimdə olan Rəbb bəyan edir.