Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yeşaya

Yeşaya 1

Help us?
Click on verse(s) to share them!
1Yəhuda padşahları Uzziya, Yotam, Axaz, Xizqiyanın dövründə Yəhuda və Yerusəlim barəsində Amots oğlu Yeşayaya görünən görüntü.
2Ey göylər, eşidin, Ey yer üzü, dinləyin! Çünki Rəbb belə söylədi: «Övladlar yetişdirib böyütdüm, Amma onlar Mənə qarşı üsyankar oldular.
3Öküz yiyəsini, Eşşək də sahibinin təknəsini tanıyır, Lakin İsrail xalqı Məni tanımır, Xalqım anlamır».
4Günah edən millətin, Şər işlər görən xalqın, Yolunu azmış nəslin, Pozulmuş övladların vay halına! Onlar Rəbbi tərk etdilər, İsrailin Müqəddəsinə xor baxdılar, Ondan üz döndərdilər.
5Siz nə üçün yenə döyüləsiniz, Niyə üsyan etməkdə davam edirsiniz? Xoralar başınızı tamamilə bürüyüb, Ürəyiniz azara düşüb.
6Təpədən dırnağacan bədəniniz xəstədir, Bir sağlam yeriniz yoxdur: Yaralarınız, zədələriniz, Yenə də vurulmuş yaralarınız Təmizlənməmiş, sarılmamış, Məlhəmlə yumşaldılmamışdır.
7Ölkəniz viran qaldı, Şəhərləriniz alışıb-yandı, Yadellilər gözünüzün önündəcə torpağınızı yeyib-dağıtdı. Torpağınız kimsəsiz qalıb, Sanki yad adamlar oranı talayıb.
8Sion qızı bağdakı çardaq, bostandakı koma, Mühasirəyə alınmış şəhər kimi tək qalıb.
9Əgər Ordular Rəbbi Bizim üçün bir neçə adamı sağ qoymasaydı, Biz Sodom kimi olardıq, Homorraya bənzəyərdik.
10Ey Sodom başçıları, Rəbbin sözünü eşidin! Siz, ey Homorra xalqı, Allahımızın təlimini dinləyin!
11Rəbb deyir: «Qurbanlarınız çoxalıb, Mənə nə? Yandırma qoç qurbanlarından, Bəslənmiş heyvanların piyindən doymuşam. Buğa, quzu, təkə qanını istəmirəm.
12Hüzuruma gələrkən Əlinizdə bunları gətirməyinizi kim istədi? Məbədimin həyətlərinə boş yerə ayaq basırsınız.
13Mənə artıq batil təqdimlər gətirməyin, Buxur Məndə ikrah yaradır. Pisliklə dolu Təzə Ay mərasimlərinizə, Şənbə günlərinizə, Müqəddəs toplantılarınıza Dözə bilmirəm!
14Təzə Ay mərasimlərinizə, Bayram günlərinizə Ürəkdən nifrət edirəm. Bunlar Mənə yük oldu, Onları daşımaqdan yoruldum.
15Siz əl açıb Mənə yalvaranda Göz yumacağam. Nə qədər çox dua etsəniz də, Yenə qulaq asmayacağam. Əlləriniz qanla doludur,
16Yuyunub təmizlənin, Gözümün önündə işlərinizi şərdən uzaqlaşdırın, Pislik etməkdən vaz keçin.
17Yaxşılıq etməyi öyrənin, Ədaləti axtarın, Məzlumları qurtarın, Yetimin haqqını qoruyun, Dul qadını müdafiə edin».
18Rəbb deyir: «Gəlin indi birgə düşünək bu an, Günahlarınız qıpqırmızı parça kimi görünsə də, Onlar qar kimi ağ olacaq, Tünd qırmızı rəngə çalsa da, Onlar ağ yun kimi bəyaz olacaq.

19İtaətkar olub sözə baxsanız, Torpağın ən gözəl bəhrələrindən yeyərsiniz.
20Əgər üsyankar olub Məni rədd etsəniz, Qılınc sizi yeyəcək». Bu sözlər Rəbbin ağzından çıxıb.
21Rəbbə sadiq şəhər Necə də fahişəyə bənzər oldu! Axı o, ədalətlə dolu idi, Orada salehlik məskunlaşmışdı, İndi isə qatillərlə doludur!
22Gümüşünüz tullantıya çevrildi, Şərabınıza su qatıldı.
23Başçılarınız üsyankar olub oğrularla əlbirdir. Hər kəs rüşvəti sevir, bəxşiş dalınca düşür. Yetimin haqqını qorumur, Dul qadını müdafiə etmək haqqında düşünmür.
24Buna görə də Sahibimiz, Ordular Rəbbi, İsrailin Qadir Allahı Belə bəyan edir: «Yağılarımı cəzalandırıb rahatlanacağam, Düşmənlərimdən qisas alacağam.
25Ey İsrail xalqı, sənə əlimi uzadacağam, Paxırını gilabı ilə təmizləyəcəyəm, Bütün çirkini yuyacağam.
26Hakimlərini, məsləhətçilərini Əvvəlki kimi geri qaytaracağam. Sənə yenidən: “Salehlik şəhəri, sadiq şəhər” deyiləcək».
27Sion ədalətlə, Tövbə edən sakinləri salehliklə qurtulacaq.
28Lakin üsyankarlarla günahkarlar Birgə həlak olacaq, Rəbbi tərk edənlər yox olacaq.
29Palıd ağaclarına səcdə etməkdən xəcalət çəkəcəksiniz, Seçdiyiniz bağlarda ibadət etməkdən utanacaqsınız.
30Yarpaqları solmuş palıd ağacına, Susuz bağa dönəcəksiniz.
31Güclü adam kətan qırıntısına oxşayacaq, Gördüyü iş qığılcım kimi olacaq, İkisi birlikdə yanacaq, Onları söndürən olmayacaq.