Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Saylar

Saylar 23

Help us?
Click on verse(s) to share them!
1Bilam Balaqa dedi: «Burada mənə yeddi qurbangah düzəlt və mənim üçün burada yeddi buğa və yeddi qoç hazırla».
2Balaq Bilamın dediyi kimi etdi. Balaq ilə Bilam hər qurbangahda bir buğa və bir qoç təqdim etdilər.
3Bilam Balaqa dedi: «Sən yandırma qurbanının yanında dur, mən gedim. Bəlkə Rəbb məni qarşılamağa gələcək və mənə nə göstərsə, sənə bildirərəm». Sonra çılpaq bir təpəyə çıxdı.
4Allah Bilamla qarşılaşdı və Bilam Ona dedi: «Yeddi qurbangah hazırladım və hər qurbangahda bir buğa ilə bir qoç təqdim etdim».
5Rəbb Bilamın vasitəsilə bir kəlam dedi: «Balaqın yanına qayıdıb belə de».
6Bilam Balaqın yanına qayıtdı. Gördü ki, Balaq və Moavın bütün başçıları yandırma qurbanlarının yanında durublar.
7Bilam gələcəkdən xəbər verib dedi: «Balaq məni Aramdan, Moav padşahı məni şərq dağlarından gətirdi, “Gəl, mənim xeyrimə görə Yaquba lənət oxu, Gəl İsrailə qarğış et” dedi.
8Allahın lənət etmədiyinə mən necə lənət edim? Rəbbin qarğış etmədiyinə mən necə qarğış edim?
9Qayaların zirvəsindən onları görürəm mən, Təpələrdən onlara baxıram. Müstəqil yaşayan, Ellərdən özünü ayıran Bir xalq görürəm.
10Kim Yaqubun tozunu saya bilər? İsrailin dörddə birini Axı kim hesablar? Qoy saleh adamların ölümü ilə ölüm! Onlar necə olubsa, sonum elə olsun!»
11Balaq Bilama dedi: «Mənə nə etdin? Düşmənlərimə lənət etmək üçün səni gətirdim, budur, sən onlara xeyir-dua verdin!»
12Bilam cavab verdi: «Rəbbin dilimə qoyduğunu söyləməyə diqqət etməli deyiləmmi?»
13Balaq ona dedi: «Xahiş edirəm, mənimlə gəl, başqa bir yerə gedək, oradan onları görəcəksən. Onların hamısını yox, bir qismini görəcəksən. Oradan mənim xeyrimə onlara lənət oxu».
14Onu Pisqa təpəsindəki Sofim yaylağına apardı, yeddi qurbangah düzəltdi və hər qurbangahda bir buğa, bir qoç təqdim etdi.
15Bilam Balaqa dedi: «Bir az irəlidə Rəblə görüşə gedirəm. Sən burada yandırma qurbanının yanında dur».
16Rəbb Bilama görünüb nə deyəcəyini ona bildirərək dedi: «Balaqın yanına qayıt və belə de».
17Beləliklə, Bilam Balaqın yanına gəldi. Gördü ki, Balaq yandırma qurbanının yanında durub. Moav başçıları da onunla bərabər idi. Balaq ondan soruşdu: «Rəbb nə dedi?»
18Bilam gələcəkdən xəbər verib dedi: «Ey Balaq, oyan və dinlə; Ey Sippor oğlu, mənə qulaq as.

19Allah insan deyil ki, Yalan söyləsin, Bəşər oğlu deyil ki, Fikrini dəyişdirsin. Dediyini həyata keçirməzmi? Verdiyi sözü yerinə yetirməzmi?
20Budur, xeyir-dua üçün əmr aldım; O, xeyir-dua vermişdir, Mən onu dəyişə bilmərəm.
21Yaqubda bədbəxtlik üz verməyəcək. İsraildə bəla olmayacaq. Özlərinin Allahı Rəbb onlarladır, Onları padşah kimi alqışlayırlar.
22Allah onları Misirdən çıxardı; Onların çöl öküzü kimi qüvvəti vardır.
23Yaqub üçün edilən baxıcılıq baş tutmaz, İsrail üçün edilən falçılıq alınmaz. Bax indi deyiləcək: “Yaqub və İsrail üçün Allah nələr etdi!”
24Budur, xalq dişi aslan tək oyanır, Şir kimi qalxır, Şikarını yeməyincə, Ölənlərin qanını içməyincə yatmayacaq».
25Balaq Bilama dedi: «Onlara nə lənət oxu, nə də xeyir-dua ver».
26Ancaq Bilam Balaqa cavab verib dedi: «Məgər sənə demədim ki, Rəbb nə desə, hamısını etməliyəm?»
27Balaq Bilama dedi: «Xahiş edirəm gəl, səni başqa bir yerə aparım; bəlkə Allahın gözünə xoş gələr ki, oradan onlara mənim xeyrimə görə lənət oxuyasan».
28Balaq Bilamı çölə baxan Peor təpəsinə apardı.
29Bilam Balaqa dedi: «Burada mənə yeddi qurbangah düzəlt və burada mənim üçün yeddi buğa və yeddi qoç hazırla».
30Balaq Bilamın dediyi kimi etdi. Hər qurbangahda bir buğa və bir qoç təqdim etdi.