Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Saylar

Saylar 35

Help us?
Click on verse(s) to share them!
1İordan çayının yanında, Yerixo qarşısında olan Moav düzənliyində Rəbb Musaya dedi:
2«İsrail övladlarına əmr et ki, mülk etdikləri torpaqda yaşamaq üçün Levililərə şəhərlər versinlər. Sən şəhərlərin ətrafında Levililərə otlaqlar da ver.
3Beləliklə, Levililərin yaşamaq üçün şəhərləri və onların mal-qaraları, sürüləri və digər heyvanları üçün otlaqları olsun.
4Levililərə verəcəyiniz şəhərlərin ətrafındakı otlaqlar şəhər divarından min qulac uzanacaq.
5Şəhər ortada olaraq şəhərin bayırından şərq tərəfini iki min qulac, cənub tərəfini iki min qulac, qərb tərəfini iki min qulac və şimal tərəfini iki min qulac ölçün. Bu onlar üçün şəhər otlaqları olsun.
6Levililərə verəcəyiniz şəhərlərdən altı sığınacaq şəhər olsun ki, kimisə öldürən oraya qaça bilsin. Bunlardan başqa qırx iki şəhər də verin.
7Levililərə verəcəyiniz şəhərlərin cəmi qırx səkkiz şəhər olsun. Onları otlaqları ilə birgə verin.
8Levililərə verəcəyiniz şəhərlər hər qəbiləyə düşən payın nisbətində alınsın, çox şəhəri olan qəbilədən çox şəhər, az şəhəri olan qəbilədən az şəhər alın».
9Sonra Rəbb Musaya dedi:
10«İsrail övladlarına de: “Siz İordan çayını keçib Kənan torpağına girəndə
11sığınacaq şəhərlər olaraq bəzi şəhərlər seçin ki, bilmədən adam öldürən oraya qaçsın.
12Qisas alandan sığınacaq şəhərləriniz bunlar olsun ki, adam öldürən şəxs icmanın önündə hökm alana qədər öldürülməsin.
13Verəcəyiniz bu altı şəhər sizin üçün sığınacaq şəhərlər olsun.
14İordan çayının o biri tayında üç şəhər və Kənan torpağında üç şəhər verin. Bunlar sığınacaq şəhərlər olsun.
15Bu altı şəhər İsrail övladlarına, aralarında yaşayan yadellilərə və qəriblərə sığınacaq şəhərləri olacaq. Belə ki bilmədən birini öldürən hər kəs oraya qaça bilsin.
16Əgər biri dəmir bir alətlə başqa birini vurub öldürmüşsə, o adam qatildir. Qatil öldürülməlidir.
17Əgər kimsə əlində insanın ölə biləcəyi bir daşla kimisə vurmuşsa və o adam ölmüşsə, onda o adam qatildir. Qatil öldürülməlidir.
18Yaxud əlində adam öldürə bilən ağac bir alətlə birini vurub öldürmüşsə, o adam qatildir. Qatil öldürülməlidir.

19Tökülən qanın qisasını alan özü qatili öldürsün, onunla rastlaşdığı zaman öldürsün.
20Əgər onu kinlə itələyib yaxud pusquda duraraq ona tərəf bir şey atıb öldürmüşsə
21ya da ədavətə görə onu əli ilə vurub öldürmüşsə, vuran mütləq öldürülməlidir. O qatildir, tökülən qanın qisasını alan adam qatilə rast gəldiyi zaman onu öldürsün.
22Ancaq ədavəti olmayaraq birini qəflətən itələmişsə yaxud pusquda durmadan ona bir şey atmışsa
23və yaxud da onu görmədən üstünə adam öldürə bilən bir daş düşürüb öldürmüşsə, onda ölən şəxsi-qərəzlik olmadığından və ona ziyan vurmaq istəmədiyindən
24adam öldürənlə tökülən qanın qisasını alan arasında bu hökmlərə görə icma hökm çıxaracaq.
25İcma tökülən qanın qisasını alanın əlindən adam öldürəni qurtaracaq, qaçdığı sığınacaq şəhərə geri göndərəcək və o, müqəddəs yağla məsh olunmuş baş kahinin ölümünə qədər orada qalacaq.
26Əgər adam öldürən qaçdığı sığınacaq şəhərin sərhədini keçərsə,
27tökülən qanın qisasını alan adam öldürəni sığınacaq şəhərin sərhəd kənarında taparsa və onu öldürərsə, o qatil sayılmayacaq.
28Çünki adam öldürən baş kahinin ölümünə qədər sığındığı şəhərdə qalmalı idi. Ancaq baş kahinin ölümündən sonra öz mülkü olan torpağına qayıda bilər.
29Bunlar nəsildən-nəslə bütün yaşadığınız yerlərdə qanun və hökm olacaq.
30Bir adam bir adamı öldürsə, şahidlərin ifadəsi ilə öldürülsün. Lakin heç bir qatil tək şahidin ifadəsi ilə öldürülməsin.
31Ölüm cəzasına layiq qatilin canı üçün fidyə almayın, çünki o öldürülməlidir.
32Sığınacaq şəhərinə qaçan üçün fidyə almayın ki, kahinin ölümündən əvvəl torpağında yaşamağa qayıtsın.
33Beləcə olduğunuz ölkəni murdarlamayın. Çünki qan tökmək ölkəni murdar edər və ölkədə tökülən qanın əvəzi ancaq onu tökənin qanı ilə kəffarə oluna bilər.
34Yaşadığınız, Mənim də olduğum ölkəni ləkələməyin. Çünki İsrail övladları arasında yaşayan Rəbb Mənəm”».